Rəsul Quliyevin qohumları Bilgəh sakinlərini niyə bağ evlərinə getməyə qoymurlar?

Hazırda ABŞ-da yaşayan, sabiq spiker Rəsul Quliyevin yaxınları ilə Sabunçu sakini Camalov Həmidağa Əliağa oğlu və digərləri arasında torpaq mübahisəsi davam edir.

75 yaşlı Camalov Həmidağa Əliağa oğlu redaksiyamıza müraciət edərək bildirib ki, ona anası Camalova Kübra Hüseyn qızından miras qalmış Bilgəh qəsəbəsindəki bağ evinə getməyə qadağa qoyulub.

“Sabunçu rayon Məhkəməsində Nilufər Cəfərlinin sədrliyi ilə üç dəfə məhkəmə iclası keçirilib. Dördüncü dəfə də bu işlərə Nilufər Cəfərli baxacaq. 2009-cu ildə Bakı Apelyasiya Məhkəməsinin Hakimi Etibar Qəzənfər oğlu Nəbiyev işi qəbul edərək 2009-cu ildə Sabunçu rayon Məhkəməsinin hakimi Rahib Vaqif oğlu Salmanovun çıxartdığı qətnaməni ləğv etdi. Halbuki qərar artıq 7 ay idi ki, qüvvəyə minmişdi. Həmin qüvvəyə minmiş qərarı ləğv etdirən yüksək rütbəli bir şəxs bacım oğlu olan sabiq deputat Qalib Salahzadəyə “məhkəmənin qərarını mən ləğv etdirmişəm” deyə bildirmişdi. Əgər bu torpaq sahəsi bizim ailəyə məxsus deyildisə, o boyda general Hacı Qalibdən niyə xahiş edirdi ki, mülki kimlərəsə bağışlasın?”

Camalov qeyd edir ki, 17 fevral 2009-cu ildə hakim Rahib Salmanov Rəsul Quliyevin qohumlarını iddia ərizəsini qəbul edib: “Orada göstərilir ki, guya bacım oğlu onlara məxsus evdən 700 min ABŞ dolları dəyərində oğurluq edib və siyahı yazıb şikayət ediblər. Bu zaman onlar hakimin bir sualına cavab verə bilmədilər.Hakim soruşdu ki, dediyiniz və iddia etdiyiniz oğurluq hansı evdə baş verib, evlər kimə məxsusdur? Hər iki evin sənədlərini istədi. Onlar heç bir sənəd təqdim edə bilmədilər. Bu zaman Hacı Qalib evlərin sənədini və evlərin bizim ailəyə məxsus olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etdi və məlum oldu ki, bunlar yalan danışırlar. Yəni evlər və torpaq Abşeron rayonuna aiddir, Rəsul Quliyevə yox. Hakim Abşeron rayon torpaq komitəsindən 118 saylı 05.06.2009 cu il tarixində yazılı surətdə məktub alır ki, həqiqətən də, Zaqulba1 saylı evin torpaq sahəsi Abşeron rayon keçmiş Bilgəh Zəfəran sovxozuna aiddir. Başqa sözlə desək, torpaq Hacı Qalibə məxsusdur. Həmçinin məhkəmə onu da qeyd edib ki, Rəsul Quliyevə məxsus 60 sot torpaq sahəsi Bakı şəhəri Bağlar idarəsinə məxsusdur və Hacı Qalibə məxsus olan torpağa və evlərə heç bir aidiyyatı yoxdur. Həmin iddia olunan torpaq sahəsi 4 hektara yaxındır. Burada isə söhbət 60 sot torpaqdan gedir”.

Şikayətçi qeyd edir ki, daha sonra Apelyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyev Sabunçu rayon Məhkəməsinin hakimi Rahib Salmanovun qərarını ləğv edib: “Rəsul Quliyevin adamları o zaman özləri etdikləri şikayətlə və faktla təsdiq ediblər ki, evlər Hacı Qalibə və bizim ailəyə məxsusdur. İndi 26 ildən sonra sərsəmləyən, özü üçün “xudmani” ev tikib orada yaşayan Ağasif Şakir oğlu xalqı aldadır ki, ev ona məxsusdur. Məgər o, vətəninə xəyanət etmiş Rəsul Quliyevin oğludur? Axı 2009-cu ildə olmuş məhkəmə mübahisəsi zamanı Ağasifin 6 yaşı vardır. Rəsul Quliyev o vaxt onu necə tanıya bilərdi? Nə isə burada “qaranlıq” məqamlar var. İndi növbəti oyunlar gedir. Oyunlara başçılıq edənlər xalqı aldatmaq istəyirlər ki, guya Hacı Qalib Rəsul Quliyevin 60 sot torpaq sahəsini zəbt etmək istəyir. Hacı Qalibi nüfüzdan salmaq və ağızlarına və ağıllarına nə gəldi danışırlar. Qoy bir adam Bilgəh kəndindən çıxıb desin ki, Hacı Qalib nə vaxtsa bir nalayiq hərəkət edib. Bir adam göstərin və bizim ailə həmin şəxsdən üzr istəməyə hazırıq. Yoxsa ekranlara çıxan Ağasif bəy Hacı Qalibi məhkəməyə verməklə hədələyir. Versin, biz ədalət məhkəməsi önündə cavab verməyə hazırıq. Çox qəribə bir vəziyyət yaranıb ki, 33 yaşlı bir gəncin guya şikayətini operativ surətdə həll edirlər. 26 il ərzində həll olunmayan bir məsələni xüsusi “zakaz”la həll etmək istəyirlər. Ancaq səhv edirlər. Hacı Azərbaycanın tanınmış və çox hörmətli şəxsləri ilə qarşı-qarşıya oturub onların istədiklərini, problemlərini həll edib. Milyarder AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov, milyarder Fərhad Əhmədov, milyarder İsgəndər Xəlilov və bir çox tanınmış şəxslər bacım oğlu ilə Bilgəhdə görüşüb və onların şəxsən problemlərini ata-baba qaydası ilə həll edib. Adını çəkmədiyim onlarla hörmətli şəxsiyyətlər də var .Təəssüf ki, bu adamlar səslərini çıxarmırlar. Və biz məcbur olub mətbuat vasitəsi ilə danışırıq”.

Sonda H.Camalov qeyd edib ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Səlma Salahova onların müraciətinə cavab vermir: “ Söhbət 60 sot torpaqdan getmir. Söhbət 25 milyon ABŞ dollarından gedir. Yoxsa belə bir fikir yaradırlar ki, Hacı 60 sot torpaq davası edir. Mənim bacım oğlu öz şəxsi imkanı ilə 500-dən yuxarı vətəndaşı Həcc ziyarətinə göndərib. 1985-1988-ci illərdə Zəfəran sovxozunda direktor vəzifəsində çalışanda imkansız kasıb təbəqəyə pulsuz torpaq sahələri paylayıb.

Biz nə istəyirik, qoy mütəxəssis gəlsin və müəyyən etsin ki, orderlər və çıxarışlar hara düşür? Qanuni yolla məsələ həll olunsun. Yoxsa “zakaz”la məsələ 26 ildir həll olunmur".