Revanşist fikirlər səsləndirən ermənilər bilməlidir ki, “dəmir yumruq” hər an hazırdır - Deputat

Ermənilərin Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələmə cəhdləri əvvəlcədən iflasa məhkumdur, intihardan başqa bir şey deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 44 günlük müharibədə ordusu məhv olunan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi sadəcə gülünc doğurur.

A.Həsənova deyib ki, ermənilər mövcud vəziyyətdən nəticə çıxarmalı, revanşist fikirlər səsləndirmək əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünməlidirlər:

“Bu gün Ermənistan bütün sahələrdə Azərbaycandan kifayət qədər geri qalır. Ermənistan bu gün müharibənin acı nəticələri ilə baş-başa qaldığı, ordusu məhv olduğu halda, Azərbaycan yeni hərbi təlimlərə başladı. Ermənistan hərbiçilərini ixtisara saldığı halda, Azərbaycan 2021-ci ilin dövlət büdcəsində müdafiə xərclərini artırdı. Bu, sadəcə kiçik bir müqayisədir. Elə buradan aydın görünür ki, revanşist fikirlər sadəcə bir xülyadır, özünü intihardan başqa bir şey deyil.

Ermənistan prezidenti Armen Sarkiyan özü etiraf etdi ki, müharibədə ölənlərin ailələrinə, yaralanlara dəstək göstərməyə, onlara pensiya verməyə imkanları yoxdur. Baxın, hərbi texnikası 44 günlük müharibədə məhv edilib, hərbiçilərini ixtisar edir, pensiya verə bilmir. Belə olan halda Ermənistan hansı yeni müharibəyə başlaya bilər?!

Revanşist fikirlər səsləndirənlər bilməlidirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı təcrübədən irəli gələrək öz ordusunun peşəkarlığını daha da artırır. Ermənilər onu da bilməlidirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi potensialının yalnız bir hissəsini istifadə etdi. Ermənistan ölkədə tam səfərbərlik elan etdiyi halda, Azərbaycan qismən səfərbərlik elan etdi, hətta çağırılanların da hamısı döyüş əməliyyatlarına cəlb edilmədi, yəni ehtiyac olmadı. Hərbi texnikanın da yalnız bir hissəsi döyüş əməliyyatlarında istifadə olundu. Yəni Azərbaycan ordusunu qismən cəlb etməklə Ermənistan ordusunu məhv etdi.

Azərbaycan dövləti bundan sonra da öz ordusunun qüdrətini, peşəkarlığını artıracaq, ordunu yeni müasir silahlarla təchiz edəcək. Bunun üçün Azərbaycanın geniş imkanları, iqtisadi əsasları var. Cənab Prezident İlham Əliyev dediyi kimi, “dəmir yumruq” hər an hazırdır və erməni faşizmi yenidən baş qaldırdığı halda, yenə də düşmənin başını əzəcək. Ermənilər nəzərə almalıdır ki, onların revanşist fikirləri sadəcə xülyadır və onların sonu ola bilər".

Deputat əlavə edib ki, müharibədən sonra revanşa cəhd edən ölkələr daha dərin iflasa uğrayıblar, daha ağır itkilər verərək çətin vəziyyətə düşüblər: "Tarixdə bununla bağlı çoxlu sayda misallar var. Əgər Ermənistan da revanşist iddiaya düşsə, yenə ağır itkilərə məruz qalacaq. Ermənistan üçün ən yaxşı yol bu absurd iddialardan əl çəkib qonşuluq, əməkdaşlıq, iqtisadi layihələrdə iştirak etmək kursunu tutmaq olar".