"Milli Məclisin deputatı Azər Badamovun Moskva hava limanında saxlanılması və ölkəyə buraxılmaması diplomatik və siyasi baxımdan ciddi təəssüf doğuran olaydır. Bu cür halların baş verməsi, xüsusilə də rəsmi dəvət əsasında səfərə çıxan nümayəndə heyətinin üzvünə qarşı tətbiq olunması iki ölkə arasında qarşılıqlı etimada və əməkdaşlıq prinsiplərinə ziddir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, əgər Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya girişinə rəsmi şəkildə qadağa qoyulmuşdusa, bu, barədə Azərbaycan tərəfi əvvəlcədən məlumatlandırılmalı idi:
"Hadisənin baş verdiyi zaman və şərait, yəni Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək Milli Məclisin deputatına qarşı bu cür qəbuledilməz davranış başa düşülən deyil. Haqlı olaraq bu hadisə Azərbaycan ictimaiyyətində və rəsmi dairələrdə ciddi narahatçılıq doğurur.
Rusiya tərəfi Milli Məclisin deputatı Azər Badamova qarşı sərgilədiyi haqsız davranışa aydınlıq gətirməli və bunu diplomatik kanallarla Azərbaycana çatdırmalıdır".