“Rusiya Ukrayna münaqişəsi ideologiyaların toqquşmasıdır”- MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Deputat müsahibəsində dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsi və digər məsələlər barəsində danışıb.  
 
- Nəsib müəllim, dünyanın diqqəti Rusiya-Ukrayna münaqişəsindədir. Müharibə hansı məcaraya yön alacaq?

-Rusiya-Ukrayna münaqişəsi dünya siyasətini, gündəmi zəbt edib. Olduqca mürəkkəb proseslər gedir. Proseslərin bu səviyyəyə gəlib çatmasında tək bir tərəfi günahlandırmaq obyektivlikdən uzaq olardı. Hər iki tərəfin kifayət qədər günahı var. Bəzi hallarda siyasətçilərin, dövlət başçılarının buraxdığı səhvlər üzündən milyonlarla insan əziyyət çəkir, bir çox faciələrə yol açılır, dövlətlər dağılır. Uzun illər qurulmuş, yaradılmış strukturlar məhv olunur, xalqlararası, dövlətlərarası münasibətlər pozulur, insanların həyat şəraiti məhv olur. Müharibənin bundan sonra hansı məcarada davam edəcəyi ilə bağlı  sualı heç kim tam dəqiqliyi ilə cavablandıra bilməz. Çünki, istənilən müharibədə gözləniləməz hadisələr baş verir və  situasiya yeni bir situasiya yaradır. Hadisələrin tam dəqiqliyi ilə proqnozlaşdırılması və yaxuddakı planlaşdırılması özünü döğrultmur. Müharibənin başlandığı ilk gündən ictimai rəy belə idi ki, bir-iki gün ərzində Ukrayna təslim olacaq, orada siyasi rejim, dövlət iradəetmə sistemi dəyişdiriləcəkdir. Etiraf edilməlidir ki,  Rusiyalı  strateqlərin hesablamaları  özünü doğrultmadı. Onlar düşünürdülər ki, Ukraynada siyasi rejimin  dəyişildiyi halda  xalq ümumi Slavyan birliyinə və yaxud da ki, Rusiya ilə inteqrasiyaya dəstək verəcək. Burada Rusiya təbliğat maşınının mənfi rolunu xüsusilə vurğulamaq istərdim.  Ukrayna xalqının  siyasi rejimin girovuna çevrilməsi, faşizmin, diktaturanın bərpası ilə bağlı uydurma ,,nağıllar,, Rusiya ictimai fikrinin formalaşmasında əhəmiyyətli rol oynadı. Solovyovların, Simonyanların, Babayanlanların, Skobeyevaların və çoxsaylı erməni, ermənipərəstlərin uzun illər ərzində, federal kanallarda apardığı təbliğat, nəticədə Rusiya kimi dövləti  əksər dünya ölkələri ilə düşmən etmişdir. Ötən günlərdə baş verənləri təhlil etdikdə gördük ki, bu hesablamalar özünü doğrultmadı. Xalq bütövlükdə, hətta  ruslar  Rusiya əleyhinə çıxmağa başladılar. Ukraynada yaşayan bütün millətlər öz dövlətlərinin müdafiəsinə qalxdılar. Milliyyətindən, dini, etnik mənsibiyyədindən asılı olmayaraq, hətta cinsindən asılı olmayaraq, qadınlar belə silaha sarıldılar.

Çox yaxşı olardı ki, bizim regiona bilavasitə, birbaşa və dolayısı təsir edən bu proseslər tezliklə normallaşsın. İki dövlət arasında qarşılıqəlı etimada söykənən bir münasibətlər formalaşsın. Bizim hər iki dövlətlə yüksək səviyyəli münasibətlərimiz var. Hər iki ölkədə bizim milyonlarla soydaşlarımız yaşayır. Əməkdaşlığımız  siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir. 
  
 Aydın məsələdir ki, hər bir dövlət üçün əsas məsələ,  özünün milli təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin apardığı siyasət tam özünü doğruldur. Regionda və dünyada baş vermiş son hadisələri təhlili etdikdə, bir daha əmin oluruq ki, cənab Prezident yüksək peşəkarlıqla, ən xırda detallarına qədər əvvəlcədən görmə, düzgün qərar vermə, qlobal kataklizmlərdən az ağrılı şəkildə ölkəni çıxarmağa qadir olan yeganə şəxsdir. Bir-birinə zidd olan dövlətləri, geosiyasi qüvvələri bir araya gətirməklə, Azərbaycan dövlətininn siyasi-iqtisadi  maraqlarını, ərazi bütövlüyünü təmin etmək ciddi məsələlərdəndir. Təbii ki, bütün bunlar dövlətin gücünü, beynəlxalq nüfuzunu artırır və birbaşa Prezientin şəxsiyyəti ilə bağlı məsələlərdir.

- Belə görünür ki, bugünkü müharibə Rusiya ilə başqa ölkə arasında da ola bilərdi. Niyə məhz Ukrayna?

- Ukrayna bu məsələdə nə birinci, nə də sonuncu deyil. Hesab edirəm ki, axırıncı da olmayacaq. Nə qədər ki, dünyanın gələcəyi ilə bağlı müxtəlif ideyaları daşıyan qüvvələr, dərin dövlətlər var, yer kürəsində tam sabitlik olmayacaqdır. Həmin qüvvələrin, dünyada güc balansının dəyişməsində, iqtisadi, təbii resursların bölüşdürülməsində, yeni bazarların əldə olunmasında  öz maraqları var. Əksər hallarda onların maraqları toqquşur və dünyanın gələcəyinə hesablanmış planları üst-üstə düşmür. 
  
 Eyni zamanda, yer kürəsində, əsasən müəyyən coğrafiyalarda  əhali sayının artımı qlobal gücləri narahat edir. Əhali sayının kəskin azalması istiqamətində müxtəlif variantlar üzərində iş aparılır, planlar cızılır. Onlar  hesab edirlər ki, yer kürəsinin təbii resursları çox milyardlı insanın yaşaması üçün kifayət deyil. Məlumdur ki, artıq dünyanın bir çox ölkələrində kəskin içməli su qıtlığı, ərzaq çatışmazlığı var. İnsanların normal həyatını təmin etmək mümkün deyil. Bütün bunlar təbii ki, dünyanın gələcək inkişafına hesablanmış baxışları formalaşdırır. Bu ideyaların kəsişməsi isə,  münaqişələrə, lokal konfliktlərə, müharibələrə səbəb okur.  XX əsrdə iki dünya müharibəsi baş verdi. Ukraynanın məxsusi olaraq seçilməsinə inanmıram. Ukraynadan əvvəl də bəzi keçmiş sovet respublikalarında, Avropanın mərkəzində, keçmiş Yuqoslaviya ərazisində, Yaxın Şərq ölkələrində, Afrikanın şimalında, Əfqanıstanda və bir çox digər yerlərdə müharibələr olmuşdur. Yəni, müharibələr hər zaman baş verir və gələcəkdə də qaçılmazdır. Dünyanın siyasi gündəmində münaqişə ocaqları, konfliktlər olmasa, siyasətçilər nə işlə məşğul olmalıdırlar. Hesab edirəm ki, Ukraynada müharibənin əsas səbəbi, Avropa strukturlarına inteqrasiya etmək istəyən qərbpərəstlərlə, Rusiya avroasiyaçılarının ideoloji toqquşmasıdır.

- Avropa Birliyi eyni zamanda Amerika və dediyimiz super güclər Rusiyaya qarşı, Rusiya iş adamlarına, iqtisadi sahələrdə yəni sanksiyalar tətbiq ediblər. Bu sanksiyalar təbii ki, Rusiyanın belə deyək ki, imkanlarını müəyyən mənada azaldacaq. Ümumi nəticə etibarı ilə demək olar bu sanksiyalardan sonra Rusiyada bir çöküş, bir parçalanma və digər bir hadisələr baş verə bilərmi?

- Sanksiyaların tətbiqindən bir neçə gün keçib. Rusiya milli valyutasının çöküşü başlanılıb və baxmayaraq ki, Rusiyanın 643 milyard dollar qızıl-valyuta ehtiyatları vardı, onların valyuta  hissəsi dondurulub. Qızıl hissəsi isə Rusiyada saxlanılır.  Rusiyanın bir çox bankları artıq banklararası hesablama sistemindən-SİWIT-dən çıxarılıb. Beynəlxalq şirkətlər Rusiyanın neft-qaz sektorundan çıxır. Bu Rusiya üçün çox böyük bir zərbədir. Rusiyanın da iqtisadiyyatı əsasən neft-qaz resursları təşkil edir. Bu kimi halların olması təbii ki, sosial problemləri qaçılmaz edir.  Avropa, Amerika və bir çox ölkələrin hava sahələri Rusiya aviaşirkətləri, dəniz limanları gəmiləri üçün bağlanır. Yəni bütün bunlar təbii ki, çox ciddi fəsadlara gətirib çıxaracaq.

- Bəs əqrəb tərsinə Putinin öz üzərinə fırlana bilərmi. Yəni Rusiyanın özündə, hakimiyyətində bir dəyişkənlik, bu uğursuzluqla bağlı Rusiya siyasi eritasının yenidən formalaşmasına zəmin yarada bilərmi?
 
 -Bu gün ABŞ prezidenti Baydenin çıxışından bəzi nəticələri çıxarmaq mümkündür. Müharibə başlanan andan bəzi Qərb dairələrinin davranışları da xeyli suallar doğurur. Təəssüflər olsun ki, dərin düşünülmüş provakasiya iki qardaş xalqın faciəsinə səbəb oldu. Düşünürəm ki, tərəflər müdriklik göstərərək, öz aralarında qarşılıqlı hörmət, etimad əsasında danışıqlar yolu ilə, bütün fikir ayrılıqlarına son qoya bilərdilər. Təəssüf ki, xarici güclərin təhriki ilə, konfrantasiya yolu seçildi və nəticəsi göz qabağındadır.  Şübhəsiz bu konfliktin başlamasının da əsas səbəbi Rusiyada Putin hakimiyyətinin dəyişdirməsinə nail omaqdır.

- Məsələy biz öz kontektimizdən baxsaq, bu münaqişənin sülməramlıların Qarabağ ərazilərdən çıxarılmasını aktuallaşa bilərmi?

- Mən bu məsələ ilə bağlı dəfələrlə sualları cavablandırmışam. Müharibədən sonra Rusiya sülhməramlılarının orda olması bir zərurət idi. Sülhməramlıların ordan çıxması zamana bağlı məsələdir. Hadisələri tələsdirməyə ehtiyac yoxdur. Əgər müharibədən sonrakı vəziyyəti  təhlil etsək görərik ki,  Qarabağa Rusiyadan başqa İran, Fransa kimi dövlətlər qoşun yeritmək istəyirdilər.  Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində bir balanslaşdırıcı rolunu oynadı. Həmin ölkələr maqsimum çalışırdılar ki, Minsk Qrupunu bərpa etsinlər və ermənilər üçün xüsusi bir statusa nail olsunlar. Burda həm siyasi, həm hərbi mənada, sülməramlılardan - Rusiya dövlətindən istifadə etdik. Sülhməramlıların  məsələsini indi  qaldırmaq, düzgün deyil. Ələlxüsus, müharibə şəraitində.  Bizim  Rusiya ilə tarixi qonşuluğumuz, hər tərəfli münasibətlərimiz var, orada kifayət qədər soydaşlarımız yaşayır. Bu gün bu məsələni qaldırmağı doğru hesab etmirəm.

- Zelenskinin Rusiyayla danışıqlarıyla bağlı elədiyi təkliflərdə Bakı şəhərinin də adı hallanır. Məsələn bir millət vəkili kimi  Bakının o siyahıda adını görməyi necə qarşıladınız?

- Bir azərbaycanlı kimi Bakının adını o siyahıda görmək xoşdur. Bunun da belə olmasının tarixi kökləri var. Daha qlobal məsələlərin həlli üçün Amerika Birləşmiş Ştatlarının birləşmiş qərargahlar şurasının  rəisi ilə Rusiya baş qərargahının rəisinin bir neçə dəfə Bakı görüşləri olub. Son illərdə bir çox beynəlxalq forumlar, sammitlər, konfranslar, işçi müşavirələri Bakı şəhərində keçirilibdir. Ən müxtəlif səviyyərlərdə - qoşulmama hərəkatından tutmuş, İslam konfransı, iqtisadi iƏməkdaşlıq, Avropa strukturlarıyla bağlı beynəlxalq təşkilatların bir çox tədbirlərinə  Bakı ev sahibliyi etmişdir. . Bakı şəhərinin imici ümumiyyətlə, Respublikanın beynəlxalq imici bu tip çox vacib tədbirlərin keçirilməsinə imkan yaradır. Əsas olaraq, Prezident İlham Əliyevin apardığı müstəqil siyasət,  ölkəmizin ərazisindən  qonşuların və digər ölkələrin əleyhinə hər hansı bir layihədə iştirak etmək imkanının verilməməsi, stabil ictimai-siyasi sabitliyin olması və s. nəzərə alınır.  
 
Cənubi Qafqaz ölkələrində, zaman-zaman gah Qərbyönümlü, gah da Şərqyönümlü siyasət aparan hakimiyyətlər olmuşdur. . Bu gün də onlar, kənar xarici qüvvələrin diqtəsi ilə siyasət aparırlar. Bütün  dünya görür ki, İlham Əliyev heç bir halda ölkəsini hansısa xarici qüvvənin təsir dairəsinə  salmır. Yəni bu asan məsələ deyil. İndi təsəvvür edin. Tarixi Şuşa bəyənnaməsi imzalanır, ondan müəyyən vaxt keçəndən sonra cənab Prezident, Ukraynaya tarixi bir məhsuldar səfəri həyata keçirir, ondan sonra isə, bir Moskva bəyənnaməsi imzalanır. Yəni biri-birinə zidd olan qüvvələrdən öz milli maraqlarına uyğun şəkildə istifadə etmək üçün, xüsusi liderlik istedadın, biliklərin, nüfuzun olmalıdır. Yaxın zamanlarda Avropa İttifaqı ilə sazişin imzalanması gözlənilir. Sazişin təxminən  95 faizi artıq razılaşdırılıb.  

- Siz Milli Məclisin rəhbərliyi ilə baltikyani ölkələrdə səfərlərdə olduz. Bu yöndə yazı da yazmışdız. Maraqlıdır Azərbaycan nə qazandı bu səfərlərdən? Yəni nə kimi müsbət nəticələr əl olundu?

- Milli Məclusin sədri, hörmətli Sahibə xanımın rəhbərliyilə hər 3  Baltik dövlətinə səfər həyata keçirildi. Hər 3 dövlətin başçıları, parlament sədrləri, baş nazir və digər yüksək səviyyəli rəsmiləri ilə görüşlər oldu. Bütün görüşlərdə Spiker Qafarova, Azərbaycan həqiqətlərini, müharibədən sonra yaranmış reallıqları, Prezident İlham Əliyevin apardığı siyasətin müxtəlif aspektlərini Baltikyanı dövlətlərin rəhbərlərinin diqqətinə ətraflı şəkildə çatdırdı. 
   
Hər 3 ölkənin ali rəhbərliyi tərəfindən Azərbaycanı özlərinə dost, tərəfdaş ölkə hesab etdikləriylə bağlı bəyanatlar səsləndirildi. Prezidentlər səviyyəsində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi ifadə olundu. Azərbaycanla həm iqtisadi, həm sosial, həm mədəni əlarələrin inkişafında maraqlı olduqlarını qeyd olundu. Bu yaxınlarda Litva prezidentinin ölkəmizə səfəri gözlənilirdi. Lakin, məlum hadisələrlə əlaqədar təxirə salındı.  Biz Baltikyanı ölkələrin xalqlarında Azərbaycana qarşı xüsusi bir maraq hiss etdik. İkitərəfli görüşlərdə Azərbaycana gəlmək istədiklərini  xüsusi vurğuladılar. 
   
Dövlətlərarası münasibətlərdə də təbii ki, parlamentlərarası münasibətlərin, parlamentlərarası diplomatiyanın xüsusi bir  rolu var. Bu baxımdan biz gələcəkdə Baltikyanı ölkələrlə Azərbaycan arasında münasibətlərin keyfiyyətcə daha  üstün səviyyədə olacağının şahidi olacağıq və nəzərə almaq lazımdır ki, Baltikyanı ölkələr  Avropa strukturlarında kifayət qədər aktivdirlər. Ələlxüsus, Litvanı xüsusi qeyd etmək istəyərdim. Litva, Avropa birliyinin Twining proqramı çərçivəsində bir çox layihələrin qalibidir və onların 14-nü Azərbaycanda həyata keçirən ölkədir.  Hesab edirəm ki, olduqca məhsuldar, məzmunlu səfər oldu.

Ədil Ədilzadə