“ Rusiya və Çin səsvermədə veto hüququndan istifadə edə bilər”- Ramiz Alıyev

BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikası ilə bağlı iclas keçirəcək.  “Reuters” agentliyinin ABŞ administrasiyasının rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ rəsmi Pxenyana qarşı daha sərt sanksiyalar tətbiq etmək istəyir. Bu məqsədlə BMT Təhlükəsizlik Şurasının iclasında müvafiq  qətnamə layihəsinin səsverməyə çıxarılması gözlənilir.

Qeyd edək ki,  Şimali Koreya mayın 25-də Yapon dənizinin şərq sahillərinə üç ballistik raket atıb. Yaponiya və Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu, Şimali Koreyanın 2022-ci ilin əvvəlindən bəri keçirilən 17-ci ballistik raket sınağıdır. Diqqət çəkən məqam ondan ibarətdir ki, ballistik raketlərin Yapon dənizinə atılması ABŞ prezidenti Cozef Baydenin Yaponiyaya səfərini başa vurduqdan bir neçə saat sonra baş verib. Cənubi Koreya ordusunun məlumatına görə, atılan raketlərdən  biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.

Ekspertlər hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması məhz Şimali Koreyanın bu raket sınaqlarını keçirməsi ilə bağlıdır.
"Azerforum" xəbər verir ki, məsələ ilə bağlı "Yeni Azərbaycan" qəzetinə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, ABŞ Şimali Koreyanın  nüvə sınağına hazırlıq gördüyünü ehtimal edir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası indiyə qədər də Şimali Koreyaya qarşı qətnamələr qəbul edib: “Bir neçə il əvvəl ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın 8 bankı və onları xarici ölkələrdə təmsil edən 26 Şimali Koreya  vətəndaşına qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiyalar Şimali Koreyanın  raket və nüvə proqramlarını reallaşdırması ilə bağlı tətbiq edildi. Maliyy Nazirliyi  həmin bankların  Şimali Koreyanın nüvə proqramına dstk vermk üçün istifadə edildiyini bildirmişdi. Bu ilin aprel ayında isə Avropa İttifaqı  Şurası Şimali Koreyanın sanksiyalar siyahısına səkkiz fiziki və dörd hüquqi şəxsi əlavə edib. Məhdudlaşdırıcı tədbirlərə Aİ ölkələrinə səyahət qadağası, aktivlərin dondurulması və bu siyahıda olan şəxslərə maliyyə resurslarının verilməsinə qadağa daxildir. Sənəddə vurğulanırdı ki, siyahıda raket proqramının inkişafı ilə bağlı qurumlarda rəhbər vəzifələrdə çalışan şəxslər, habelə qanunsuz silah proqramları üçün vəsait yarada biləcək qurumlar yer alıb. Avropa İttifaqı  KXDR-i sabitliyi pozan hərəkətlərini dayandırmağa və beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə çağırıb. Lakin görünən odur ki, rəsmi Pxenyan öz mövqeyindən əl çəkmək niyyətində deyil. ABŞ Prezidenti C.Bayden ötən həftənin sonunda  Seula səfəri zamanı Cənubi Koreyalı həmkarı ilə Şimali Koreyanın artan silah sınaqlarının qarşısını almaq üçün birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı razılığa gəlmişdilər. Belə olan təqdirdə, ABŞ prezidentinin Yaponiyaya səfərinin başa çatmasından dərhal sonra Şimali Koreyanın raket sınaqlarını keçirməsi regionda güc nümayişinin göstəricisidir”.

Politoloq qeyd edib ki, rəsmi Pxenyanın  raket sınaqları region dövlətləri, o cümlədən ABŞ tərəfindən narahatlıqla qarşılanır: “Görünən odur ki, ABŞ prezidentinin Yaponiyaya səfərinin başa çatmasından sonra Şimali Koreyanın Yapon dənizinə ballistik raketlər atması rəsmi Vaşinqtonu daha da qıcıqlandırıb. Ona görə də, rəsmi Pxenyanı cəzalandırmaq istəyir. Bu səbəbdən də, BMT Təhlükəsizlik Şurasının növbəti iclası çağırılıb və iclasda Şimali Koreyaya qarşı yeni sanksiyalara dair qətnamə müzakirəyə çıxarılacaq. Həmin qətnamənin qəbul edilib-edilməməsi isə səsvermənin yekunundan asılıdır. Hazırda ABŞ-la soyuq münasibətləri olan Rusiya və Çin səsvermədə veto hüququndan istifadə edə bilər”.