Sabahların gur işığına doğru

Müstəqil dövlətin suverenliyi, dünyəvi nüfuzu təkcə yerləşdiyi geosiyasi mühitdən deyil, həm də onun başçısının dünyəvi proseslərə təsir etmə qüdrətindən də asılıdır. Azərbaycan həmişə dünyanın iri dövlətlərinin maraq dairəsində olub. Azərbaycanı sevənlərin də, Azərbaycanın müstəqilliyinə, suverenliyinə, qüdrətinə qısqananların da. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 18 ildə apardığı daxili siyasət də, xarici siyasət də Azərbaycanın sabahlarına hesablanmış siyasət olub. Genişmiqyaslı,bütün sahələri əhatə edən islahatların biri digərinin başlanğıcı olub, biri digərini tamamlayıb. Bu isə mahiyyəti etibarilə dövlətin daha da güclənməsində olduqca əhəmiyyətli olub.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanın dövlətçiliyi ilə həmişə qürurlanıb. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasətini azərbaycançılıq ideologiyası əsasında uğurla davam etdirən siyasi lider kimi dövlət başçısı kimi tanınıb, sevilib. Dünyanın böyük dövlətləri də Cənab İlham Əliyevin dövlətçilik fenomenini yüksək dəyərləndirir.

Dekabr ayının 24-ü Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin anadan olduğu gündür. 60 yaş ömrün mötəbərlik mərhələsinə keçid yaşıdır. Xalqını, dövlətini, dövlətçiliyini dərin məhəbbətlə sevən siyasi lider xalqın sevimlisidir, xalq siyasi liderini sabahın Azərbaycanının siyasi, iqtisadi qüdrətinin memarı kimi sevir, Vətən müharibəsində qazanılan Zəfərin Müzəffər Sərkərdəsi kimi sevir.

Hələ neçə on illər Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin işığında sabahlara, sabahlardan əbədiyyətə yol gedəcək.

Səbinə XASAYEVA

Milli Məclisin deputatı