Şamaxı rayonunda ideologiya mövzusunda tədbir keçirildi

“Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirir. Layihə çərçivəsində sonuncu - dördüncü tədbir Şamaxı rayonunda keçirilib.

Tədbirdə çıxış edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında başda Məhəmməd Əmin Rəsulzadə olmaqla ziyalılarımızın çox böyük rolunun olduğunu qeyd edib. Onun sözlərinə görə azərbaycançılıq ideologiyası XIX əsrin sonlarından etibarən mətbuatda aparılan müzakirələr nəticəsində daha tez-tez gündəmə gəldi. O, bildirib ki, azərbaycançılıq ideologiyasının inkişafı, onun siyasi proseslərə sirayət etməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tarixi bir proses idi.

M.Göyüşlü sovet dövründə AXC vaxtı başladılan önəmli işlərin, o cümlədən azərbaycançılıq ideologiyası istiqamətində müzakirə və fəaliyyətlərin də dayandırıldığını açıqlayıb. O bildirib ki, sovet imperiyasının son illərində milli ziyalılar başlatdıqları milli hərəkatla həm azərbaycançılıq ideologiyasına, həm də müstəqillik çalışmalarına yeni bir ruh vermiş oldular.

Təşkilat sədri vurğulayıb ki, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdə və dövlət quruculuğu prosesi başladığı vaxtlarda ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi azərbaycançılıq ideyasına yeni bir nəfəs gətirmiş oldu. Onun sözlərinə görə prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazanılan qələbə həm azərbaycançılıq ideologiyasının təntənəsi, həm yeni dönəmə qədəm qoyması, həm də böyük Ermənistan ideyasının darmadağın edilməsi demək idi. Sonda bu cür tədbirlərin regionlarda davamlı şəkildə keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək layihə çərçivəsində ilk tədbir 2023-cü ilin iyul ayında Bakı şəhərində, ikinci tədbir 25 avqustda Xırdalan şəhərində, üçüncü tədbir 29 avqustda Xaçmaz rayonunda keçirilib. Bundan başqa layihə çərçivəsində mövzuyla bağlı mütəxəssislərin 10 videomüsahibəsi hazırlanıb, Yeni Media internet TV-də paylaşılıb və minlərlə baxış toplayıb. Sonuncu tədbir isə Şamaxı rayonunda keçirilmiş və layihəyə yekun vurulmuşdur.