Şamaxı şəhəri 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçildi ŞƏRH

Şamaxıda turizm sektorunu şərtləndirən bütün faktorların olması yaxın perspektivdə bu sahənin daha sürətli inkişafına imkanlar açır. Bu yerlərin təbiətinə xas olan zəngin flora və faunanı, qədim tarixə malik abidələri son zamanlar rayonda tikilən, mükəmməl infrastruktura malik olan, müasir tələblərə cavab verən mehmanxana kompleksləri tamamlayır. Şamaxıda istifadəyə verilən müasir səviyyəli optik elektronlu NGN (Next Generation Network) şəbəkəsi də bu kommunikasiya vasitələrindən yararlanmağa imkan verir ki, bu faktorun özü də turistlər üçün cəlbedici və vacib faktordur.

Ulu düzü, Bülövdaş, Şərədil, Dədəgünəş, Qonaqkənd meşələri, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən Pirqulu zonası istirahət və turizm üçün olduqca əlverişlidir. Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Turizm üzrə İşçi Qrupunun 17-ci iclasında rayonda turizm sektorunun inkişafında yeni perspektivlərin açılması baxımından faydalı oldu. Ən yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında turizm əlaqələrinin inkişaf etdirilməsində Şamaxı şəhərinin mühüm rol oynayacağı təsdiqləndi.

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin görüşü çərçivəsində keçirilən tədbirdə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlərə baxıldı. İclasda həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin “Ən Yaxşı Turizm Kəndləri” təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolu transmilli və seriya nominasiyası üzrə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı müzakirələr aparıldı.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan turizm siyasətini həyata keçirən dövlət qurumlarının təmsilçiləri və turizm üzrə mütəxəssislər qatıldı. TDT-nin Baş Katibliyinin iştirakı ilə keçirilən iclasda üzv dövlətlər arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üçün birgə turizm məhsullarının yaradılması və təbliğat tədbirlərinin gücləndirilməsi məqsədilə görüləcək işlər barədə razılaşmalar əldə edildi. İşçi qrupun iclasının gündəliyində müzakirə olunan “Türk Dünyası Turizm Paytaxtı” layihəsinə əsasən 2023-cü il üçün Şamaxı şəhəri “Türk Dünyası Turizm Paytaxtı” seçilməsi təklif edildi. Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasının qərarına əsasən Şamaxı şəhəri 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçildi.

Könül Məmmədova

YAP fəalı

“Tərəqqi” medallı