Füzuli kəndində suvarma suyu çatışmazlığının aradan qaldırılması istiqamətində mühüm addım atılıb. Kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyan bu problemin həlli “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan “İcmanın suvarma su təminatının yaxşılaşdırılması” mikrolayihəsi sayəsində mümkün olub.
Füzuli kəndi bağçılıq, əkinçilik və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı yönümlü yaşayış məntəqəsidir. Kənd sakinlərinin əsas gəliri taxıl (arpa, buğda), çoxillik bitkilər (yonca), tərəvəz (çuğundur, kartof, soğan, pomidor, xiyar, kişniş) və meyvə (şaftalı, alma, ərik, gilas, alça, xurma və s.) satışından formalaşır. Əkin sahələrinin suvarılması əsasən kəndin müxtəlif hissələrində yerləşən 5 arteziandan (3-ü Füzuli, 2-si Kolayır ərazisində) və qismən Şəmkir–Samux maşın kanalından həyata keçirilirdi. Lakin kanaldan gələn suyun 90%-i Sərkar kəndinin istifadəsində, cəmi 10%-i isə Füzuli kəndinin payına düşürdü.
Yay mövsümündə suya tələbatın artması ilə yaranan qıtlıq nəticəsində kənd əhalisi əkin sahələrini, bağlarını və tərəvəz plantasiyalarını suvarmaqda çətinlik çəkirdi. Bu isə məhsuldarlığın azalması və bitkilərin zərər görməsi ilə nəticələnirdi. Problem ümumilikdə Füzuli kəndindən 264 ailə (1056 nəfər) və qonşu Kolayır kəndindən 30 ailə (120 nəfər) olmaqla 1176 nəfəri, təxminən 350 hektar əkin və bağ sahəsini əhatə edirdi.
Layihə çərçivəsində Şəmkir–Samux sağ sahil maşın kanalından yeni su xətti çəkilib. Kanal üzərində şlüz qapısı quraşdırılaraq, ümumi uzunluğu 300 metr, diametri 500 mm olan plastik borular vasitəsilə suvarma suyu Füzuli kəndinin əkin və bağ sahələrinə yönləndirilib. Yeni sistemdən Füzuli və Kolayır kəndlərinin ümumilikdə 1176 sakini faydalanır. Bu xətt vasitəsilə təxminən 350 hektara yaxın torpaq sahəsi artıq müntəzəm suvarma ilə təmin olunur. İndiyədək kənd sakinləri sistem vasitəsilə 926 986 m³ suvarma suyundan istifadə ediblər.
Layihənin həyata keçirilməsi kənd təsərrüfatında məhsuldarlığın artmasına, torpaq resurslarından daha səmərəli istifadəyə və kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verib.