Şavkat Mirziyoyev Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Sabahinfo.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

“Tədbirin gündəliyinə Proqram çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional layihələrin dəstəklənməsi üçün Etimad Fondunun yaradılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin qəbulu, biznes təşəbbüslərinin təşviqi və digər məsələlər daxildir”, - məlumatda qeyd edilib.

Bu günlərdə Bakıda SPECA-nın bir sıra biznes tədbirləri, o cümlədən iqtisadi forum və Mərkəzi Asiya ölkələrinin sənaye potensialının sərgisi keçirilir.