Səbail rayonundan olan qəhrəman Şəhidi Bilal

29 sentyabr - Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda 1 il əvvəl bugünlərdə başlanan və Azərbaycanın parlaq, möhtəşəm, tarixi qələbəsi ilə yekunlaşan müqəddəs Vətən müharibəsinin Səbail rayonundan olan qəhrəman Şəhidi Bilal Qənbərovun dünyaya gəldiyi gündür. Yaşasaydı bu gün 28 yaşı tamam olacaqdı...

Bu gün hamımız Bilal üçün ordaydıq - Səbailin qəhrəman övladlarının uyuduğu və Vətən uğrundakı igidlikləri, fədakarlıqları, şücaətləri ilə Cənnətə çevirdikləri Badamdar məzarlığında...

Qəhrəman Şəhidimizin ailə üzvləri, Səbail rayonunun Şəhid anaları və Şəhid ailələrinin üzvləri ilə birlikdə bu gün Bilalımızı bir daha ziyarət etdik, ruhundan halallıq istədik, Ona və ailəsinə minnətdarlığımızı ifadə etdik və dualar etdik.

Ruhun şad olsun, Vətənin igid oğlu! 2020-ci il Tovuz döyüşləri zamanı ordu sıralarında xidmət etmək üçün könüllü müraciət edən, ötən il 27 yaşının tamam olduğu gün - 29 sentyabr tarixində Vətənin müdafiəsinə yollanan, Füzulidən Şuşaya kimi çətin və şərəfli döyüş yolu keçən, Şuşa uğrundakı döyüşlərdən birində, noyabrın 3-ündə qəhrəmancasına Şəhadət zirvəsinə ucalan Bilal...

Bilal Şuşaya Azərbaycan bayrağını sancmaq arzusu ilə döyüşə yollanmışdı, onun bu arzusu haqda bütün döyüş yoldaşları bilirdi. Bilalın döyüş yoldaşları Şuşaya sancılmış, üzərində Şəhidlərimizin və qazilərimizin qanı olan ilk Azərbaycan bayrağını Bilalın qəhrəmanlığı və əziz xatirəsinə ithafən ailəsinə gətirib, azad Şuşamıza sancılmış o İLK BAYRAQ indi Bilalın evində, Bilalın guşəsindəki divarda Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaətinin rəmzi kimi Şəhidimizin evinin ziyarətçilərini qürurla qarşılayır.

Nurlar içində rahat uyuyun, qəhrəman övladlarımız! Əziz xatirəniz əbədi olaraq Azərbaycan xalqı tərəfindən yaşadılacaq. Ruhun şad olsun, Bilal! QARABAĞ AZƏRBAYCANDIR, bütün torpaqlarımız və ŞUŞA AZADDIR!