Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva komitənin gördüyü işlər və qarşıdakı planlar haqda danışıb

 

Bildiyimiz kimi, Regional məsələlər komitəsi yerli özünüidarə ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Regional məsələlər komitəsi: ərazi quruluşu və inzibati ərazi bölgüsü, ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, statusunun və sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, onlara ad verilməsi və adlarının dəyişdirilməsi, ərazi vahidlərinin Dövlət reyestrinin aparılması ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir, habelə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının fəaliyyətinə dair qərar layihələrini hazırlayır;bələdiyyələrə seçkilər, bələdiyyələrin statusu, onların birləşməsi, ayrılması və ləğv edilməsi, bələdiyyələrin fəaliyyətinin təşkili, bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, bələdiyyələrin Dövlət reyestrinin aparılması məsələlərinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın öz fəaliyyəti haqqında illik məruzəsinə, bələdiyyələrin öz fəaliyyətləri barəsində hesabatlarına, bələdiyyələrin vaxtından əvvəl buraxılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müraciətlərinə baxır və rəy verir;bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, yerli büdcə, yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf, yerli ekoloji proqramları ilə bağlı qanun layihələrini Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri ilə birlikdə hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində yerli özünüidarə məsələlərinə dair rəy verir.

Komitənin sədri Səyavuş Novruzovovun rəhbərliyi altında komitə üzvləri - Tahir Rzayev, Elşən Musayev, Nizami Cəfərov, Kamran Bayramov, Aqil Məmmədov, Malik Həsənov, Cavid Osmanov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Səttar Möhbalıyev, Əliabbas Salahzadə və mən Səbinə Xasayeva seçicilərin etimadını doğrultmaq üçün səylə çalışırıq.
     
Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin sessiyaları dövründə Regional məsələlər komitəsi yeni növ koronovirus (COVID-19) infeksiyasının Respublikamızda yayılmasının qarşısını almaq, bu istiqamətdə keçirilən mübarizə tədirlərinə dəstəyi təmin etmək məqsədilə Komitə iclaslarının onlayn keçirilməsinə də üstünlük vermişdir. 

Komitənin ötən dövr ərzindəki fəaliyyətinin hesabatı və növbəti dövr üçün iş planı müzakirə və təsdiq olunmuşdur.
      
Keçirilən iclaslarda 27 məsələ müzakirəyə çıxarılıb, 25 qanun layihəsi plenar iclaslara tövsiyə edilib və hər biri Milli məclis tərəfindən qəbul olunub. 
 Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın 18 mart 2020-ci il tarixli 05-VI saylı sərəncamının üçüncü bəndinə əsasən Milli Məclisdə vətəndaş qəbulunun keçirilməsi müvəqqəti dayandırılıb. Müvafiq olaraq, Komitə tərəfindən də ənə nəvi olaraq keçirilən vətəndaşların qəbulu prosesi məhdudlaşdırılmışdır.
     
Milli Məclisin 2020-ci ilin sessiyaları dövründə vətəndaşların onlayn və elektron müraciətləri üstünlük təşkil etmişdir. Komitənin [email protected] saytına daxil olan 475 müraciətin icrası təmin olunmuş və cavablandırılmışdır.
     
Hesabat dövrü ərzində Regional məsələlər komitəsində görülən təşkilati işlər müvafiq qanunvericiliyə və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun icra olunmuş, kargüzarlıq işi tələb olunan qaydada aparılmış, daxil olan sorğular və məktublar vaxtında cavablandırılmışdır. Şəffaflıq təmin edilərək, Regional məsələlər komitəsinin fəaliyyəti mütəmadi olaraq Milli Məclisin saytında və kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
    
Komitənin iclasları zamanı müntəzəm olaraq komitənin üzvü kimi vətəndaşlarla, seçicilər ilə fəaliyyətim ilə bağlı hesabat xarakterli bilgilər təqdim etmişəm. Eyni zamanda, sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, eləcə də müxtəlif tədbirlərdə aktiv fəaliyyət göstərmişəm.
      
12 saylı Qaradağ- Binəqədi-Yasamal seçki dairəsi üzrə seçicilərimlə mütəmadi görüşlər keçirmiş, vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərməyə çalışmışam. Seçicilərin hər bir müraciət araşdırılıb və həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib.
     
Vətən müharibəsi şəhidlərinin ailələrinin problemləri ilə yaxından maraqlanmaq üçün onlara tərəfimdən baş çəkilib, ziyarət edilən şəhid ailələri və qazilərin qaldırdıqları bir çox məsələlər aidiyyəti üzrə rayon icra hakimiyyəti tərəfindən yerində operativ şəkildə həll olunub. Həlli yuxarı təşkilatlar tərəfindən həyata keçiriləcək məsələlər isə onların ünvanlarına göndərilmişdir.
       
Milli məclisin plenar iclasında çıxışımda qaldırılan məsələlər aidiyyatı üzrə tədbirlər görülməsi üçün Nazirliklərə, ASC-rə, Agentliklərə, icra hakimiyyətlərinə və digər təşkilatlara göndərilmişdir.

2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir. Belə ki, Azərbaycan Respublikasının Prezindentinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında regional məsələlərlə bağlı təqdim etdiyi qanun layihələri və Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihələrinin müzakirəsi nəzərdə tutulur. Yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə Assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğun hesab edilmişdir.


Səbinə XASAYEVA, 
Milli Məclisin deputatı