Səbinə Xasayeva: YAP-ın üzvü olmaq əsl vətəndaşlıq missiyasını yerinə yetirmək deməkdir

“Hər partiya xalqın partiyası ola bilməz. Ən ciddi, ən məsuliyyətli, ən gərəkli platforması xalqın mənafeyi olan partiya dünyəvi proseslərin də iştirakçısı olur. Qurucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası belə partiyalardandır. Azərbaycanda milli qarşıdurma yarananda, separatçılıq dövlətçiliyin süqutuna istiqamətlənəndə, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yarananda xalq Ümummilli Lider Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət edəndə də, ən böyük azərbaycanlı kimi ömrünü xalqın sabahları üçün yaşayan dahi şəxsiyyət dövlətçiliyin itirilməsi təhlükəsini sovuşduranda da, Ermənistanın elan etmədən başladığı müharibədə atəşkəsə nail olunanda da xalqla dövlət arasında ən böyük etimad ünvanı Heydər Əliyevin özü və onun yaratdığı partiya oldu. Bu partiya xalqın böyük etimadı ilə əhatələndi”. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Səbinə Xasayeva bildirib ki, yarandığı gündən xalqın dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından tarixi bir mərhələdə keçirildi. 1992-ci ilin noyabrından bəri partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanıb. Bu maraqlar həmişə Azərbaycanın bu gününü, sabahlarını əhatələyib, bundan sonra da belə olacaq. Bu partiya mahiyyəti etibarilə azərbaycançılıq partiyasıdır. Partiyanın uğurları nə ilə müəyyənləşdirilir? – Xalqın etimadını qazanmaqla, cəmiyyətin bütün təbəqələrinin maraqlarını hansı səviyyədə ifadə etməsiylə, fəaliyyətinin dövlətçiliyi necə əhatələməsiylə. Bu baxımdan cəmiyyətdə sosial sabitliyə nail olunubsa, dövlətin siyasətinin əsası həm də humanizm və ədalət prinsiplərinə istiqamətlənibsə, YAP, əlbəttə ki, xalqın partiyasıdır, dövlətçiliyin partiyasıdır.

Millət vəkilinin sözlərinə görə, hər qurultay ictimaiyyəti müəyyən tarixi missiyanın həyata keçrirlməsinə səfərbər edir, cəmiyyətin diqqətini bu missiyaya yönəldir. Bu qurultay Vətən müharibəsindən sonra ictimaiyyətin diqqətini çəkən böyük siyasi hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında Zəfərdən sonrakı fəaliyyətin başlıca istiqamətlərini bildirdi. Bu istiqamətlərdən ən başlıcası işğaldan azad edilmiş ərazilərə qayıdışın təmin edilməsidir. Qayıdış üçün kəndlərdə, şəhərlərdə nəinki zəruri, həm də gərəkli yaşayış şəraiti yaradılacaqdır.

Qurultayda yekun nitqində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev təkcə YAP fəallarının deyil, ümumən vətəndaşların vətəndaşlıq missiyasını belə ümumiləşdirdi: “...Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik və burada Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar...”. Bu fikir hər birimizin yerinə yetirməli olduğumuz partiya tapşırıqlarından biridir.

Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, yeni Proqramın 3 ay müddətində hazırlanması ilə bağlı İdarə Heyətinə verilən tapşırıq hər bir partiya üzvünün ictimai vəzifələrini müəyyənləşdirir. Bu vəzifələrin başlıcası hər bir vətəndaşın Böyük Qayıdışa səfərbər olması deməkdir. Hər bir azərbaycanlı, bu sıradan hər bir YAP üzvü Böyük Qayıdış prosesinin fəal iştirakçısı olmalıdır. Fəal iştirakçı olmaq Qayıdışın mənəvi yükünü bölüşmək deməkdir, 28 il doğma ocağından kənarda yaşamağın sıxıntıların yaşayanlara mənəvi dəstək bu gün partiyanın qarşıya qoyduğu vəzifələr sırasındadır.

Hər qurultay gələcək fəaliyyətin konturlarını müəyyənləşdirir. YAP-ın VII qurultayı cəmiyyətin Zəfər qürurunu yaşadığı bir vaxtda olduqca gərəkli vəzifələr müəyyənləşdirib. Bu vəzifələr dövlətçiliyin tələbi kimi yerinə yetiriləcəkdir. VII qurultayda müzakirə edilən məsələlər istər ayrılıqda, istərsə də vəhdətdə partiyanın yeni bir mərhələdə olduğunun göstəricidir.

“YAP xalqa xidmət edən partiyadır. Xalqa xidmətin mahiyyəti dövlətə, dövlətçiliyə xidmətdir. Bu partiya dövlətin mənafeyinə uyğun olmayan bütün fəaliyyətlərin müxalifidir. İstənilən partiyanın fəaliyyətinin başlıca istiqamətləri insan amili ilə səsləşməlidir. Bu baxımdan YAP insanların düşüncələrini dövlətçiliyə yönəltməyən partiyaların müxalifidir. Vətən müharibəsin-də ictimaiyyət Ali Baş Komandanın ətrafında sıx birləşdi. Azərbaycan Ordusunun Zəfər qazanmasında bu amilin də böyük əhəmiyyəti oldu. Vətən naminə, dövlətin beynəlxalq nüfuzunun daha da artmasında Zəfərdən sonra başlanan proseslərdə də belə birlik zəruri deyilmi?

Qurultay təsdiqlədi ki, ən böyük missiyası xalqa xidmət olan Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın milli maraqlarının siyasi cəfakeşi olacaq, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə milli təhlükəsizliyimizə xidmət edəcəkdir.

“İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir” – YAP-ın hər bir üzvü Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlnam Əliyevin bu fikirlərini fəaliyyət tezisi biləcək, fəaliyyətini bu tezislərə uyğun quracaqdır. Mən Azərbaycan vətəndaşı kimi, millət vəkili kimi xatırlayıram və bir daha xatırladıram ki, YAP-ın üzvü olmaq əsl vətəndaşlıq missiyasını yerinə yetirməkdir”,-deyə S.Xasayeva qeyd edib.