Sərəncamdan iki il keçsə də, özəl ekspertiza mərkəzləri yaradılmayıb - NİYƏ?

Ədliyyə Nazirliyi Azərbaycanda özəl məhkəmə ekspertiza mərkəzlərinin yaradılmasını nəzərdə tutan Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı fərmanın icrası ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo”nun bununla bağlı sualını Məhkəmə Ekspertizası Mərkəzinin şöbə rəisi Hümmət Vəliyev Nazirliyin sosial şəbəkə hesabında keçirilən onlayn brifinq zamanı cavablandırıb.

H.Vəliyev bildirib ki, özəl ekspertiza mərkəzləri hələ fəaliyyətə başlamayıb: “Bununla bağlı normativ hüquqi aktların qəbul edilməsi üzərində işlənilir. Özəl ekspertiza mərkəzlərinin fəaliyyətə başlamaq üçün ekspert şəhadətnamə verilməsi qaydası, özəl ekspertlərin xüsusi biliyini müəyyən edən sənədlərin siyahısı, məhkəmə ekspertlərinin və digər sənədlərin hazırlanma mərhələsi davam edir. Bu səbəbdən hələlik özəl ekspertiza fəaliyyətə başlanılmayıb. Ümid edirik ki, biz yaxın müddətdə ölkəmizdə özəl ekspertiza fəaliyyətini müşahidə edəcəyik. Hazırda ölkədə özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan heç bir şəxs yoxdur”.