Şikayətlərin əlindən həyətə çıxa bilməyəcəyik

"Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif edilən dəyişikliklərin xeyli hissəsi mütərəqqidir, əlilliyin bu şəkildə faizlə müəyyən edilməsi isə xeyr. Ola bilsin ki, bu, digər ölkələrdə özünü doğruldub, bizdə isə bu, korrupsiya və ədalətsizliyə yol açacaq. Əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq. Deyək ki, birinin qara ciyəri, böyrəkləri, mədəaltı vəzisi, ürək damarları 50 faiz funksionallığa malikdir, pul verəcək, yazacaqlar 62 faiz. Yaxud xəstəyə pul vermədiyi üçün 70% işləməyən böyrəklərinə 53% yazacaq".

Cebhe.info xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, bu, bank faizləri kimi əhalini pis vəziyyətə salacaq:

"Sabah bütün dünyanın həkimlərini yığıb gətirəsən, sübut edin ki, vəzifəli şəxs saxtakarlığa yol verib, edə bilməyəcəklər. Deyəcək ki, mən müayinə edəndə 62% idi, yəqin gedib Lerik dağlarında yaşayıb, suyunu içib və təbiət onu bərpa edib. Yaxud gedib mollaya dua yazdırıb, 62% idi, indi olub 30%. Yaxud 65%-lik insana 60% yazacaq. Söhbət 1%-in xariqələr yaratmasından, yaxud evlər yıxmasından gedir. Biz o dərəcədə inkişaf etmiş insan kapitalına malik deyilik ki, 1%-in insan həyatına qərar verdiyi şəffaflığa gedək. Bunu edə bilsək, sizləri əmin edirəm ki, növbəti il Danimarka olacağıq. Bizim millətimiz yaradıcıdır, amerikanlar deyir ki, ən çıxılmaz vəziyyətdə azı 3 çıxış yolu var, bizimkilər başlarını işlədəndə ən azı 10 çıxış yolu tapırlar. Bu xalqı 1%-in əsirinə çevirmək lazım deyil. Şikayətlərin əlindən, cənab deputatlar, həyətə çıxıb maşınlara otura bilməyəcəyik. Əlilliyin təyinat məsələsini iki hissəyə bölmək lazımdır. Görünən və təsbit olunan əlillik (bura bədən orqanlarını itirmiş şəxslər daxildir), və daxili xəstəliklər ucbatından verilən əliliklər. Ən çox incitmələr gözlə görünə bilməyən xəstəliklər ucbatından olacaq. Belə düşünürəm ki, bədən üzvlərini itirməyən şəxslər üçün əlillik almaq çətinləşdirilir".

Razi Nurullayev əlavə edib ki, əlillik 31 faizdən yuxarı başlayır: "Orqanizmin funksiyalarının 10-30 faiz itirilməsi zamanı əlillik təyinatı aparılmır. Amma 30% orqanizmin funksionallığını itirən şəxsi 100% funksionallığı olan şəxslə bərabər tutmaq nə dərəcədə ədalətlidir? Pensiya və müavinət verilmirsə, onlar üçün nələrsə düşünülməlidir. Bu şəkildə biz özümüzə sosial dövlət deyə bilməyəcəyik. Belə şəxslərin ən azından işə götürülməsində, təhsil almasında, kredit almasında, özünüməşğulluq proqramlarına cəlb olunmasında üstünlüyü olmalıdır. 30% insan bədəninin 3-də biridir. Vallah, hər kəsə yazıq olacaq".