“Siyasi partiyalar haqqında” qanunun ictimai müzakirəyə çıxarılması müsbət addımdır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili qüdrət Həsənquliyev Milli Məclsidin rəsmi informasiya resursunda yayımlanan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə münasibətini bildirib.

BAXCP-nin mətbuat xidmətinə açıqlamasında Qüdrət Həsənquliyev qanun layihəsi ilə tanış olduğunu qeyd edib və bildirib ki, sənədin ictimai müzakirəyə çıxarılması çox müsbət addımdır: “Daha öncə mətbuata açıqlama vermişdim ki, qanun layihəsi hazırlanır və 40-a qədər siyasi partiyanın, o cümlədən BAXCP-nin də təklifləri alınıb. Bu gün qüvvədə olan qanun 30 il bundan öncə, müstəqilliyimizi yenicə əldə etdiyimiz bir dövrdə, 1992-ci ildə qəbul olunub. İctimai həyatımızın bütün sahələrində, regionda, dünyada böyük dəyişikliklər baş verir. Bu baxımdan “Siyasi partiyalar” haqqında yeni qanunun qəbuluna da böyük ehtiyac yaranıb. Layihə hazırlanarkən Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinə dair tövsiyələri, həmçinin beynəlxalq təcrübə öyrənilib. Siyasi partiyaların yaradılmasının çətinləşdirilməsi və fəaliyyətlərində şəffaflığın artırılması üçün layihəyə yeni normalar daxil edilib. Layihədə bizim müdafiə etdiyimiz və əleyhinə olduğumuz normalar var. Bəzi rəqəmlər və prosedur qaydalar üzərində yenidən düşünməliyik.

Hüquq elmi öyrədir ki, qanunlar və digər normativ hüquqi aktlar cəmiyyətdə mövcud olan ictimai münasibətləri tənzimləmək və inkişaf etdirmək üçün qəbul edilir. Ona görə də müzakirələr zamanı beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətimizdə olan mövcud durum da ciddi öyrənilməli, təkliflər reallıqları əks etdirməli, Konstitusiyanın təməl prinsipləri və dövlətimizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil etməməlidir”.

Qüdrət Həsənquliyev xatırladıb ki, qanun layihəsi ictimai müzakirədən və parlamentdə üç oxunuşdan keçəcək: “Ümid edirəm müzakirələr zamanı layihə cilalanacaq, təkmilləşdiriləcək, yeni qanun siyasi partiyaların təmərküzləşməsinə, daha güclü, xalqımıza bağlı, cəmiyyətimizi vətəndaş qarşıdurmalarından, xaoslardan qoruya biləcək azsaylı, amma güclü yeni siyasi partiyaların yaranmasına şərait yaradacaq. Biz siyasi həyatımızda siyasi partiyaların rolunu artırmaqla və onların fəaliyyəti üçün daha əlverişli şərait yaratmaqla bütün sahələrdə güclü rəqabət mühitinin yaranmasına, ölkəmizdə siyasi sistemin və demokratiyanın inkişafına töhfə verəcək, Milli Məclisdə iqtidar partiyası ilə rəqabət aparmaq gücündə olan müxalif və müxtəlif fraksiyaların yaranmasına yol açacaq mükəmməl bir qanun qəbul etməliyik”.