Soltan Məmmədov şəhidlərin anım mərasimində iştirak edib

Vətən müharibəsi şəhidləri - çavuş Kamran Füzuli oğlu Hacıyevin Xəzər rayonu Şüvəlan qəsəbəsində, Qurbanəli Elşad oğlu Quluzadənin Xəzər rayonu Binə qəsəbəsində, Emin Asif oğlu Qədirovun isə Xəzər rayonu Zirə qəsəbəsində şəhidlik zirvəsinə ucalmalarının ildönümləri ilə əlaqədar anım mərasimləri keçirilib.

Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə canlarını qurban vermiş qəhrəman şəhidlərin anim mərasimlərində Milli Məclisin deputatı Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, onların xatirəsinə ehtiram ifadə olunub, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda etmiş hərbçilərimizin hər birinin xatirəsinin əziz tutulduğu vurğulanıb. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbənin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı bildirilib. Bu şərəf tarixini öz qanları və canları ilə yazan şəhidlərin ailələrinə və qəhrəman qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyi qeyd edilib.

Şəhid Kamran Hacıyev Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 22-də Hadrut döyüşlərində şəhid olub.

O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Qurbanəli Elşad oğlu Quluzadə Vətən müharibəsində cəbhənin Füzuli, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, ərazilərimizin işğaldan azad olunmasında xüsusi şücaət göstərib. 2020-ci il oktyabrın 21-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

O, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qədirov Emin Asif oğlu isə 2020-ci il oktyabrın 21-də torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib.

Emin Qədirov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.