Soltan Məmmədovdan çağırış

“Son bir neçə həftədə “omikron” ştamının sürətlə yayılması COVID-19 virusuna qarşı peyvəndin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Hesab edirəm ki, yoluxmanın son dinamikası hər birimizin daha məsuliyyətli və diqqətli olmağımızı tələb edir”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan dövləti virusun yayılmasının qarşısının alınması üçün bütün zəruri addımları atıb. Vətəndaşların sağlamlığını qorumaq, eyni zamanda pandemiyanın insanların sosial durumuna, iqtisadiyyata mənfi təsirlərini mümkün qədər azaltmaq üçün sistemli tədbirlər həyata keçirilib.

İkinci doza peyvənd qəbul edən vətəndaşların sayının 5 milyona yaxınlaşdığını bildirən deputat “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”ının uğurla həyata keçirildiyini diqqətə çatdırıb: “Təbii ki, peyvənd olunanların sayının artması xəstəliklə mübarizədə çox vacib məsələlərdən biridir. Bununla belə, qorunma tədbirləri, o cümlədən fiziki məsafənin saxlanması, tibbi qoruyucu vasitələrdən istifadə, şəxsi gigiyena tədbirləri aktualdır. Əminəm ki, Azərbaycan vətəndaşları indiyə qədər olduğu kimi, bundan sonra da müvafiq dövlət orqanlarının çağırışlarına, təlimat və tövsiyələrinə diqqətlə əməl edəcəklər”.

Soltan Məmmədov “buster” dozanın tətbiqinin əhəmiyyətinə də toxunub. Qeyd edib ki, mütəxəssislərin, o cümlədən, müvafiq beynəlxalq təşkilatların apardığı təhlillər göstərir ki, “buster” doza ilə vaksin olunmaq həm ağırlaşma hallarının minimuma endirilməsi, həm də virusun daha çox yayılmasının qarşısının alınması baxımından olduqca böyük əhəmiyyətə malikdir: “Virusun yeni “omikron” ştamının yoluxma hallarında üstünlük təşkil etməsi hazırkı dövrdə peyvəndləmənin, xüsusilə də “buster” dozanın əhəmiyyətini şərtləndirir. Məhz dövlətin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda peyvənd çatışmazlığı yoxdur. Əksinə insanların seçim imkanı var, hər kəs ölkədə olan 4 peyvənd növündən birini seçə bilər. Hesab edirəm ki, bu, bir tərəfdən Azərbaycan dövlətinin gücünün göstəricisidirsə, digər tərəfdən, vətəndaşların səhhətinə, sağlamlığına nə qədər dərin həssaslıqla yanaşıldığını təsdiq edir”.

Milli Məclisin deputatı bildirib ki, son günlərin statistikası bütün dünyada yoluxma hallarının sürətlə artdığını göstərir. Yanvarın 30-da Almaniyada 119 minə yaxın, Rusiyada 121 mindən artıq, Ukraynada 25 minə yaxın insanın COVID-19 infeksiyasına yoluxduğunu xatırladan Soltan Məmmədov Azərbaycanda bu göstəricinin 5 minə yaxınlaşdığını qeyd edərək, vətəndaşları daha diqqətli və həssas olmağa çağırıb.