Sosial islahatların növbəti mərhələsi

Ümummilli lider Heydər Əliyevin sosial sahəyə xüsusi qayğısı, ölkəmizdə sosial inkişafın təmin edilməsi üçün əsasını qoyduğu işlər, sosial müdafiə və aktiv məşğulluq proqramları ötən 18 ildə uğurla davam etdirilməklə, əhəmiyyətli dərəcədə genişlənmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətində vətəndaşların rifah halının yüksəldilməsi, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin təkmilləşdirilməsi, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunması, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet istiqamət olmuşdur.
Son günlər Ölkə başçısısın imzaladığı yeni Fərman və Sərəncamları ilə ölkəmizdə sosial islahatların növbəti mərhələsinə başlanıldı. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Həmin fərman və sərəncamlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxsləri və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumlarını, beşdən çox uşağı olan qadınları, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələri, övladlığa uşaq götürənləri, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarını, “Xalq” və “Əməkdar” fəxri adı olanları, doktorant və tələbələri əhatə edir. Eyni zamanda, Ölkə başçısının imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcəkdir.
Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlarına əsasən ölkəmizdə sosial islahatların növbəti mərhələsində müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar da tətbiq olunacaq yeniliklərdən faydalanacaqlar. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%, 81% və 97% çoxdur.
2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi kimi yazılan uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etməklə Azərbaycan bu müharibədə qüdrətli orduya malik güclü dövlət olduğunu əyani şəkildə nümayiş etdirməklə müharibə dövründə və müharibədən sonra da güclü sosial siyasətə malik olduğunu göstərmişdir. Müharibədən sonrakı dövrdə isə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlandı. Bu dəstək paketi həmin insanların sosial təminat hüquqlarının operativ reallaşdırılması, onlara qanunvericilikdə nəzərdə tutulan sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı, onların sosial-psixoloji dəstəklə, reabilitasiya xidmətləri və vasitələri, birdəfəlik maddi yardımla təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdılması, məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması və digər dəstək istiqamətlərini əhatə edir. Ümumilikdə postmüharibə dövründə sosial dəstək paketi artıq 40 min insanı əhatə edib.
İmzalanan yeni Sərəncamda minimum əmək haqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır və dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləği də bu sərəncama uyğunlaşdırılacaq ki, bu da çoxsaylı insanları əhatə edəcəkdir. Bu qərardan dövlət sektorunda işləyənlər daha çox faydalanacaqdır. Burada xüsusi qaydada əmək haqqı alanlar istisna olmaqla digər bütün sahələrdə çalışanların maaşı artırılacaqdır. Bunlar Vahid Tarif Cədvəli üzrə maaş alanlardır ki, bu da elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçiləri əhatə edir.
Ümumilikdə son 4 ilə nəzər yetirdikdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 37 faiz artıb. Minimum pensiyada 82 faiz, orta aylıq pensiyada 60 faiz, müavinət və təqaüdlərdə orta hesabla iki dəfə artım baş verib. Sosial təminat növləri üzrə ödəniş alanların sayı 2018-2021-ci illərdə 160 min nəfər artaraq 2,56 milyona çatıb. Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi ölkə rəhbərinin siyasətində başlıca istiqamət olduğunu bir daha göstərmişdir.

Rzayev Fikrət Çingiz oğlu,
ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru,
əməkdar müəllim, professor