Spiker seçicilərlə videoqəbul keçirdi

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda spiker Sahibə Qafarova secicilərin müxtəlif məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qəbulda iştirak edən bəzi seçicilər isə əvvəlki qəbullarda və müraciətlərdə qaldırılan bir sıra məsələlərin həllinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər artıq müsbət həllini tapıb.

Videoqəbulda Sahibə Qafarova ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sosial-müdafiəsinin və həyat şəraitlərinin yaxşılaşdırılması, regionlarda infrastruktur təminatının daha da gücləndirilməsi yaxşılaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycan sosial dövlətdir və həyata keçirilən siyasətin mərkəzində insan amili, ölkə vətəndaşlarının mənafeyi dayanır. O xüsusi olaraq qeyd edib ki, hətta pandemiya şəraitində belə sosial layihələrin icrası davam etdirilir. Sahibə Qafarova vurğulayıb ki, dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Milli Məclisin sədri ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb. Videoqəbulda spiker seçicilərə ötən il Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə və ərazi bütövlüyümüzün bərpa olunması, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri, şəhid ailələrinə və əlillərə yüksək dövlət qayğısı, həmçinin Milli Məclisin fəaliyyəti və digər məsələlər barədə də məlumat verib.

Qeyd edək ki, videoqəbulda Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.