Strateji əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə 

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi mesajlarla yadda qaldı. O, Slovakiyanın Azərbaycanla əməkdaşlığa verdiyi dəyəri yüksək qiymətləndirdi .

Cənab Prezident qeyd etdi ki 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri ən yüksək rəsmiləşdirmə səviyyəsinə qaldırmışdır. Bu sənəd yalnız siyasi deklarasiya deyil, əhatəli fəaliyyət xəritəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün istiqamətlər üzrə fəal əməkdaşlıq mexanizmləri yaradılıb və birgə iqtisadi işçi qrup genişləndirilib, eyni zamanda energetika, nəqliyyat və müdafiə sənayesi sahələrində konkret layihələr icra olunmağa başlayıb. Bu, Azərbaycan–Slovakiya münasibətlərinin dayanıqlı institusional baza üzərində qurulduğunu göstərir.. Prezident bildirdi ki, qarşılıqlı hörmət, bərabərlik və faydalı əməkdaşlıq prinsipləri hər iki tərəfin maraqlarına xidmət edir və hazırda enerji, nəqliyyat, təhlükəsizlik, alternativ enerji və iqtisadiyyat sahələrində geniş perspektivlər mövcuddur.

İlham Əliyev bəyanatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni diqqətə çatdıraraq, ölkəmizin uzunmüddətli və etibarlı tərəfdaş kimi tanındığını qeyd etdi. O, Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışaraq bildirdi ki, bu layihə təkcə ölkələr arasında enerji körpüsü deyil, həm də siyasi sabitlik və regional əməkdaşlıq üçün mühüm mexanizmdir. Prezidentin fikrincə, Slovakiya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi həm Bakı, həm də Bratislava üçün gələcək inkişaf imkanları yaradır. Prezident İlham Əliyevin bəyanatında ən geniş yer tutan məsələlərdən biri energetika əməkdaşlığı oldu. Bu təsadüfi deyil. Çünki Slovakiya kimi Mərkəzi Avropa ölkələri üçün alternativ enerji mənbələri məsələsi strateji əhəmiyyət daşıyır.

Dövlət başçısı bildirdi ki, 2024-cü ildə ilk dəfə Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu, enerji xəritəsində mühüm dönüş nöqtəsidir. Bu gün Azərbaycan qazı alan ölkələrin sayı 14-ə yüksəlib. Ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edir, bunun yarısı Avropaya nəql edilir. Avropa İttifaqının 8 üzvü Azərbaycan qazı ilə öz enerji təhlükəsizliyinin bir hissəsini təmin edir.

Bəyanatda nəqliyyat-logistika sahəsi də xüsusi yer aldı. Prezident Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrildiyini vurğuladı və Transxəzər dəhlizinin geniş imkanlarından bəhs etdi. O qeyd etdi ki, Slovakiya kimi Avropa İttifaqı üzvü ilə bu sahədə əməkdaşlıq logistika şəbəkələrinin daha səmərəli qurulmasına xidmət edəcək.

Siyasi münasibətlərə toxunan İlham Əliyev iki ölkə arasında dialoqun səmimi və konstruktiv şəkildə inkişaf etdiyini bildirdi. O, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirdi və bu mövqenin gələcək əməkdaşlıq üçün möhkəm baza yaratdığını ifadə etdi. Ermənistan-Azərbaycan münasibətləri mövzusunda isə Prezident regionda davamlı sülhün mümkün olduğunu, Azərbaycanın bu istiqamətdə prinsipial və ardıcıl siyasət yürütdüyünü bəyan etdi.

Prezident həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret planların olduğunu qeyd etdi. Slovakiya şirkətlərinin Azərbaycanda sənaye, alternativ enerji, şəhərsalma və “ağıllı şəhər” layihələrində iştirakının müzakirə olunduğunu bildirdi. O, Azərbaycanın xarici investorlar üçün açıq və stabil mühit yaratdığını, iqtisadi islahatların isə yeni tərəfdaşlıqları təşviq etdiyini vurğuladı. Cənab Prezidentin Slovakiyaya səfəri təkcə sıradan diplomatik hadisə deyil, Azərbaycan–Slovakiya münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirən tarixi hadisə kimi yadda qalacaq. Bu səfərin nəticələri gələcək illərdə enerji, nəqliyyat, texnologiya və sənaye sahələrində real layihələrlə özünü göstərəcək və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı