Su təhlükəsizliyi ilə bağlı bütün məsələlər sistemli şəkildə öz həllini tapır

Asif Əsgərov

Milli Məclisin deputatı

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təqdim edilib. Müşavirədə dövlətimizin başçısı əhəmiyyətli infrastruktur nailiyyətləri və gələcək strateji planlar barədə geniş məlumat verib.

Ölkəmizdə genişmiqyaslı infrastruktur layihələri icra edilmiş, bir neçə regional inkişaf proqramı uğurla reallaşdırılmışdır. Bu proqramlar elektrik enerjisindən qazlaşmaya, avtomobil yollarının inşasından su təminatına qədər ölkənin əsas infrastruktur məsələlərini əhatə etmişdir. İlk növbədə elektrik enerjisi sahəsində görülən tədbirlər nəticəsində generasiya gücü tələbatdan artıq səviyyəyə çatdırılmış, “yaşıl enerji” ixrac ediləcək səviyyəyə yüksəlmişdir. Yarımstansiyalar, ötürücü xətlər və paylayıcı şəbəkə vahid sistem üzrə formalaşdırılmışdır. Bu addımlar nəticəsində enerji təhlükəsizliyi təmin edilmiş, həmçinin qonşu dövlətlərlə enerji sahəsində əməkdaşlıq üçün əsas yaradılmışdır.

Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatmışdır, əhalinin əksəriyyəti təbii qazla təmin olunmuş, daxili tələbat artıq xarici idxala asılılıq yaratmadan ödənilir. Bu sahədə əldə olunan nailiyyətlər enerji təhlükəsizliyini daha da gücləndirir və ölkənin ixrac potensialını artırır. Avtomobil yollarının inşası və modernləşdirilməsi geniş vüsət almış, magistral, kənd və şəhərlərarası yollar ölkənin bütün bölgələrini əhatə etmişdir. Azad edilmiş ərazilərdə elektrik enerjisi, yollar, körpülər, tunellər, su təchizatı və qazlaşma layihələri həyata keçirilir, bu ərazilər vahid infrastruktur sisteminə qoşulur.

Su təminatı sahəsində isə son iyirmi ildə dörd böyük su anbarı inşa edilmişdir ki, onların potensialı 500 milyon kubmetrdən çoxdur. Bu anbarlar içməli su və suvarma sistemlərinin dayanıqlılığını təmin edir. “Taxtakörpü” və “Şəmkirçay” su anbarları bu sahədə xüsusi əhəmiyyət daşıyır. “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuş, müasir təmizləyici qurğular kompleksi ilə təchiz edilmişdir.

Azad edilmiş ərazilərdə isə “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarları yenidən qurulmuş və istifadəyə verilmişdir. Daha iki böyük su anbarının – “Həkəriçay” və “Bərgüşadçay”ın  tikintisi isə hazırda hazırlıq mərhələsindədir. Beləliklə, ərazilərin işğaldan azad olunması su təminatı sahəsində digər əsas mənbələrdən asılılığı azaldıb.

Su mənbələrinin qorunması və effektiv idarə olunması sahəsində proqramda xüsusi diqqət göstərilir. Artan əhali və sənaye tələbatı nəzərə alınaraq itkilərin azaldılması, su anbarlarının potensialının artırılması və mövsümlük su ehtiyatlarının yığılması prioritet məsələlərdən hesab olunur.

Bakının və Abşeron yarımadasının su təminatı uzun illər ciddi məsələ olaraq qalır. Bu məqsədlə hazırlanmış proqramın icrası 2035-ci ilə qədər nəzərdə tutulur və həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcəkdir. Proqramın icrası zamanı 30-a yaxın yeni su anbarı tikiləcək, su sayğaclaşdırılması 100 faizə çatdırılacaq və 200 kilometrdən çox magistral kanal sistemi, paylayıcı şəbəkələr yenidən qurulacaq. Bu addımlar nəticəsində fasiləsiz su ilə təmin olunan əhali 70 faizdən 95 faizə yüksələcəkdir. Dövlətimizin başçısı sözügedən müşavirədəki çıxışında qeyd edib ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür: “Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 il ərzində ancaq sadaladığım, - halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.

Yağış sularının idarə olunması da proqramın mühüm hissəsidir. Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq, kanalizasiya xidməti 50 faizdən 95 faizə çatdırılacaq. Dənizə buraxılan sular 100 faiz təmizlənəcək, Hövsan sutəmizləyici stansiyası modernləşdiriləcək, potensial genişləndiriləcəkdir. Bununla yanaşı, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu, ilk dəfə olaraq sırf xarici investisiyalar hesabına həyata keçirilən layihədir və şəhərin su mənbələrinin həcmini artıracaq, suyun keyfiyyətini təmin edəcəkdir.

Proqram, həmçinin su sektorunda rəqəmsal idarəetmə sistemlərinin tətbiqini, SCADA və IoT texnologiyalarının istifadəsini və su itkisinin effektiv monitorinqini nəzərdə tutur. Dövlət proqramının icrası həm hökumət, həm Prezident Administrasiyası, həm də ictimaiyyət tərəfindən nəzarət altında saxlanılacaq, mətbuat vasitəsilə vətəndaşlar layihələrin gedişindən məlumatlandırılacaqdır.

Beləliklə, 2026–2035-ci illər üçün hazırlanmış Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təminatının dayanıqlığını artırmaq, infrastrukturun modernləşdirilməsini təmin etmək və əhalinin yüksək keyfiyyətli su ilə təminatını tam təmin etmək baxımından strateji əhəmiyyət kəsb edir.