Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə və həmin gün imzalanmış müvafiq sərəncam ölkəmizin uzunmüddətli inkişaf strategiyasında mühüm mərhələdir. Təsdiq olunan Dövlət Proqramı Azərbaycanda infrastruktur siyasətinin ardıcıl, sistemli və strateji baxışa əsaslanan dövlət idarəçiliyi modelinin ayrılmaz tərkib hissəsi oldğunu göstərir.
Müşavirədə Prezident İlham Əliyevin çıxışı son 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolunun konseptual icmalı olmaqla yanaşı, həm də qarşıdakı onillik üçün prioritetləri dəqiq müəyyənləşdirir. Dövlət başçısı öz çıxışında vurğuladı ki, ötən dövrdə ölkədə elektrik enerjisi, qazlaşdırma, yol infrastrukturu və su təchizatı sahələrində fundamental problemlər mərhələli şəkildə həll olunub. Bir zamanlar enerji qıtlığı yaşayan Azərbaycan bu gün artıq elektrik enerjisini ixrac edən, regional və qlobal enerji təhlükəsizliyinə töhfə verən dövlətə çevrilib.
Bu inkişaf məntiqinin davamı olaraq su təhlükəsizliyi məsələsi Prezident tərəfindən milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi təqdim olundu. Xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında uzun illər yığılıb qalmış problemlərin kompleks həll mərhələsinə keçməsi dövlət siyasətində keyfiyyətcə yeni mərhələnin göstəricisidir. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı paytaxt və ətraf ərazilərin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasını, yağış suları sistemlərinin müasir standartlara uyğun qurulmasını hədəfləyən genişmiqyaslı investisya sənədidir.
Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla proqramın hüquqi və institusional icra mexanizmləri dəqiq müəyyən edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Maliyyələşmə dövlət büdcəsi, dövlət investisiya proqramları və digər mənbələr hesabına təmin olunacaq. Nazirlər Kabinetinin icraya nəzarəti və ildə bir dəfə Prezidentə hesabat verməsi isə şəffaflıq və məsuliyyət prinsipinin əsas meyar kimi müəyyən edildiyini nümayiş etdirir. Dövlət Proqramının Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılması paytaxtın uzunmüddətli və balanslı inkişafına xidmət edən vahid dövlət yanaşmasının göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında su ehtiyatlarının qorunması və idarə olunması məsələsi xüsusi yer tutdu. Vurğulandı ki, son 20 ildə inşa edilmiş “Taxtakörpü”, “Şəmkirçay” kimi iri su anbarları, eləcə də “Ceyranbatan” su anbarının yenidən qurulması Bakının su təhlükəsizliyində həlledici rol oynayıb. Qeyd edildi ki, Mingəçevir, Taxtakörpü və digər böyük su anbarları müasir texnoloji nəzarət sistemləri ilə idarə olunur, suyun istifadəsi optimallaşdırılır, hidroenerji potensialının səmərəliliyi artırılır. Bu, dövlətin resurslardan rasional istifadə strategiyasının uğurlu icrasının real nümunəsidir.
Ölkənin müxtəlif bölgələrində inşa edilmiş “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev” və “Vayxır” su anbarları, eləcə də Oğuz–Qəbələ–Bakı və Samur–Abşeron su kəmərləri vasitəsilə su təminatı sistemləri son illərdə əhəmiyyətli dərəcədə gücləndirilib.
İşğaldan azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası da müşavirədə diqqət mərkəzinə gətirildi. Laçın, Qubadlı, Zəngilan, Ağdam və Füzuli rayonlarında tikilən və inşası davam etdirilən “Zabuxçay”, “Həkəriçay”, “Bərgüşadçay” su anbarları təkcə kənd təsərrüfatı sahələrinin suvarılmasına deyil, eyni zamanda həmin ərazilərdə yaşayan əhalinin dayanıqlı su təminatına xidmət edir, bölgənin sosial-iqtisadi dirçəlişinə güclü təkan verir. Bu, həm də geosiyasi müstəvidə Azərbaycanın su təhlükəsizliyini möhkəmləndirir. “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay” və digər su anbarlarının bərpası isə Ermənistanın illər boyu həyata keçirdiyi su terroruna verilmiş prinsipial və tarixi cavabdır.
Dövlət Proqramında su itkilərinin azaldılması, intensiv yağışlar zamanı subasma risklərinin minimuma endirilməsi və Xəzər dənizinin ekoloji mühafizəsi əsas prioritetlər kimi müəyyən olunub. Yağış sularının idarə edilməsi məqsədilə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, dənizə axıdılan suların tam təmizlənməsi ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də Abşeron yarımadasında ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşa edilməsidir. Xarici sərmayələr hesabına həyata keçiriləcək bu layihə su mənbələrinin şaxələndirilməsi və iqlim dəyişikliklərinin yaratdığı risklərin azaldılması baxımından strateji əhəmiyyət daşıyır.
Dövlət Proqramı təkcə Bakı və Abşeron yarımadası ilə məhdudlaşmır. Prezident İlham Əliyevin su siyasəti ümumölkə miqyasında balanslı inkişaf prinsipinə əsaslanır. Şəki–Zaqatala bölgəsi kimi su ehtiyatları baxımından strateji əhəmiyyət daşıyan regionlarda son illər içməli su və suvarma layihələrinin icrası, mənbələrin qorunması və səmərəli idarə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub.
Bakı–Abşeron üzrə qəbul edilən Dövlət Proqramı regionlarda formalaşmış müsbət təcrübənin paytaxta transferinə, eyni zamanda paytaxtda tətbiq edilən müasir idarəetmə modellərinin gələcəkdə bölgələrdə də geniş tətbiqinə imkan yaradır.
Pilot layihələr çərçivəsində Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə”, Oğuz–Şəki rayonlarında isə 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarlarının tikintisi davam edir. 2027-ci ildə tamamlanması nəzərdə tutulan bu layihələr 40 min hektardan artıq əkin sahəsinin suvarma ilə təmin olunmasına, eyni zamanda 49 min nəfərə yaxın əhalinin içməli su təchizatının gücləndirilməsinə xidmət edəcək.
Bakı və Abşeron yarımadası üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas məqsədi şəhər və qəsəbələrin dayanıqlı içməli su ilə təmin edilməsi, su itkilərinin azaldılması və mövcud sistemlərin kompleks modernləşdirilməsidir.
Son 20 ildə həyata keçirilmiş genişmiqyaslı layihələr göstərir ki, Azərbaycanın su təhlükəsizliyi və infrastruktur sahəsində əldə etdiyi nailiyyətlər həm sənayenin, həm də kənd təsərrüfatının dayanıqlı su təchizatını təmin edir. Bu, əhalinin rifahının yüksəldilməsi, kənd təsərrüfatının məhsuldarlığının artırılması və ümumi iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır, eyni zamanda ölkəmizin regional iqlim və geosiyasi risklərə qarşı dayanıqlığını möhkəmləndirir.
Yeni Dövlət Proqramı və icra edilən pilot layihələr su resurslarının səmərəli idarə olunmasına, su itkilərinin minimuma endirilməsinə və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına xidmət edəcək. Azərbaycanla İran arasında Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız Qalası” su anbarlarından səmərəli istifadə məqsədilə birgə tədbirlərin davam etdirilməsi 252 min hektar torpaq sahəsinin su təminatına imkan yaradacaq.
Beləliklə, bu proqram paytaxtla bölgələr arasında inkişaf fərqinin aradan qaldırılmasına yönəlmiş vahid və inteqrasiya olunmuş su təhlükəsizliyi siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji xətt yalnız bu günün deyil, gələcək nəsillərin də maraqlarını təmin edən məsuliyyətli və uzaqgörən dövlət idarəçiliyinin parlaq nümunəsidir. Su ehtiyatlarının qorunması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və infrastrukturun davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın strateji inkişaf prioritetləri sırasında xüsusi yer tutur və ölkənin dayanıqlı inkişafına mühüm töhfə verir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı