SUMQAYIT TARİX MUZEYİNİN TƏRKİBİNDƏ YARADILMIŞ ZƏNGƏZUR MUZEYİ

Sumqayıt şəhərində “Qərbi Azərbaycan İcması” Sumqayıt nümayəndəliyinin təmsilçisi, Sumqayıt şəhər Təhsil şöbəsinin metodisti Cəmilə Fəyyazın təşkilatçılığı ilə, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri millət vəkili Əziz Ələkbərli və millət vəkili Müşviq Məmmədlinin iştirakı ilə təşkil olunan "Qərbi Azərbaycanda mədəni irsimiz: dünən və bu gün"adlı elmi-praktik konfransı keçirilmişdir. Tarix Muzeyində baş tutan tədbirdə ilk olaraq Sumqayıt şəhər 39 saylı orta məktəbin direktoru Baxşeyiş Ələmşahovun vaxtı ilə Zəngəzur mahalından çıxara bildiyi, yüksək vətənpərvərlik nümunəsi olan “Bir elin harayı” kolleksiyasında yer tutan müxtəlif eksponatlarla tanışlıq olub. Kolleksiyanın tərkibində təkcə yaxın əsrlərə yox, hətta çox uzaq XII əsrə aid 60-a qədər qiymətli məişət əşyası nümayiş etdirilir. Daha sonra dəyirmi masa ətrafında maraqlı fikir mübadiləsi aparıldı. Diqqətə çatdırıldı ki, Müzəffər Ali Baş Komandan, möhtərəm cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Qərbi azərbaycanlıların öz dədə baba, tarixi torpaqlarına qayıtmaq inamı daha da artmışdır.