Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın mirvarisi Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür. 2020-ci il noyabrında Şuşanın azad edilməsi bütövlükdə Vətən müharibəsinin taleyini həll edən mühüm hərbi hadisə oldu. Məhz bundan sonra Ermənistan rəhbərliyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atdı. Ona görə də Şuşanın azad edildiyi 8 noyabr tarixi respublikamızda Zəfər günü kimi qeyd olunur. 8 noyabr həm də Şuşa Şəhəri Günüdür.
1992-ci ilin may ayında Şuşanın işğal olunması milli xəyanətin nəticəsi idi. O dövrdə Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə aparan qruplaşmalar Şuşanı düşmən qarşısında müdafiəsiz qoydular və nəticədə şəhər işğal olundu. Şuşanın işğalı nəticəsində düşmən bölgədə strateji üstünlük əldə etdi. Laçının işğal olunması isə düşmənə Ermənistandan Qarabağa gedən yollara nəzarəti ələ keçirməyə imkan verdi.
Vətən müharibəsində Azərbaycan Ordusunun zəfər yürüşünün əsas istiqamətlərindən biri məhz Şuşa istiqaməti idi. Ordumuz irəlilədikcə hamının diqqəti Şuşaya yönəlmişdi. Hər kəs Şuşanın azad ediləcəyinə inanırdı. Bu inamı şərtləndirən əsas amil Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar” deməsi idi. Beləliklə, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsi tarixinin ən böyük hərbi və siyasi uğuru oldu. Şuşanın azad edilməsi müjdəsini Şəhidlər xiyabanından bəyan edən Prezident İlham Əliyev dedi:
“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.
Qeyd edək ki, Şuşanın azad edilməsi yalnız Vətən müharibəsinin deyil, dünya hərb tarixinin ən unikal əməliyyatlarından biridir. Qəhrəman əsgər və zabitlərimiz Qarabağın döyünən qəlbi olan Şuşanı yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək azad etdilər. Təsadüfi deyil ki, Şuşa əməliyyatı dərhal hərbi mərkəzlərin diqqətini cəlb etdi. Birmənalı şəkildə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev “Ata vəsiyyətini” layiqincə yerinə yetirdi və öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
İşğal dövründə Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Ermənilərin əsas məqsədlərindən biri şəhərin erməniləşdirilməsi olub. 28 illik işğal dövründə düşmən bu istiqamətdə nə qədər cəhdlər göstərsə də, niyyətinə nail ola bilməyib. Şuşa düşmən qarşısında əyilməyib, sınmayıb. Çünki bu şəhərin hər küçəsində, hər məhəlləsində, hər daşında Azərbaycan xalqının silinməz mənəvi irsi var.
İşğaldan azad edilməsindən sonra Şuşada planlı şəkildə şəhərin özünəməxsus memarlıq ansamblı gözlənilməklə sürətli bərpa və quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin Şuşanın azad olunmasından sonra şəhərə etdiyi ilk səfər zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri restavrasiya olunaraq əvvəlki yerlərinə qoyulub. Ötən 6 ildə şəhərdə həyata keçirilən bərpa və quruculuq işləri isə əzəmətlidir. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri, Müalicə-Sağlamlıq Mərkəzi, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi, Dövlət Xidmətləri Mərkəzi, Şuşa sutəmizləyici qurğular kompleksi, 1 nömrəli tam orta məktəb, Bayraq Meydanı, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, bərpa olunan “İsa bulağı” istirahət kompleksi, “Xan qızı” bulağı, Qarabağ küçəsi boyunca şəhərin memarlıq üslubuna uyğun bərpa edilən və yeni tikilən binalar Şuşanın sürətli quruculuğunun nümunələridir. Bülbülün ev-muzeyi bərpa olunub. Yenidən qurulan küçələrin Heydər Əliyev, 8 Noyabr, Dəmir Yumruq, Zəfər, Qarabağ, Atatürk, Pənahəli xan adlandırılması zəngin keçmişi olan dövlətçiliyimizi, 44 günlük savaşdakı zəfərimizi, milli və tarixi irsimizə olan dərin ehtiramı özündə əks etdirir. Şuşanın Baş planında da onun tarixi əzəmətinin və özünəməxsus irsinin qorunması əsas götürülüb.
İşğaldan azad edilmiş digər şəhərlərimiz kimi Şuşa şəhəri və rayonu Böyük Qayıdışın ünvanıdır. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Həmçinin Şuşa rayonunun kəndləri də bərpa olunur. 2026-cı ilin oktyabr ayına qədər Şuşa şəhərində 1411 nəfər (377 ailə), Şuşanın Böyük Qaladərəsi kəndində 78 nəfər (17 ailə), Kiçik Qaladərəsi kəndində isə 90 nəfər (26 ailə) məskunlaşıb.
Şuşanın bərpasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük töhfələri xüsusi qeyd edilməlidir. Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondu tərəfindən xüsusən Şuşanın milli-mənəvi irsinin bərpası və qorunması istiqamətində həyata keçirilən layihələr təqdirəlayiqdir. Vaqifin məqbərəsinin, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Saatlı, Mamayı, Çöl Qala məscidlərinin, Mehmandarovların malikanəsinin, "Şirin su" hamamının, tarzən Sadıqcanın evinin, Milli Xalça Muzeyinin Şuşa filialının bərpası, görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin yenidən hazırlanaraq ucaldılması Heydər Əliyev Fondunun layihələri əsasında həyata keçirilib. Bütün bunlar göstərir ki, bərpa olunan həm də xalqımızın Şuşadakı milli-mənəvi irsidir.
Bu gün Şuşa həm də mötəbər tədbirlərə evsahibliyi edir. İndiyə qədər şəhərdə Dünya Azərbaycanlılarının V Qurultayı, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib. Şuşada Qlobal Media Forumunun keçirilməsi artıq ənənəyə çevrilib. İndiyə qədər Türkiyə, Belarus, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri, ISESCO-nun Baş direktoru Şuşaya səfər ediblər.
Şuşa həm də özünün xüsusi statusu olan şəhərdir. 2021-ci ildə Milli Məclis tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun qəbulu, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Azərbaycanda "Şuşa ili" elan olunması bu qədim yurdumuza olan xüsusi ehtiramın göstəricisidir. Şuşanın işğaldan azad olunması Türk və İslam dünyaları tərəfindən böyük tarixi hadisə kimi qəbul olunur. Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi də bunu təsdiq edir.
Bu gün Şuşa azadlığının, əsl sahiblərə qovuşmasının təntənəsini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşa dirçəlir, tarixi ənənələrini bərpa edir, şöhrətini özünə qaytarır. Ötən 6 ildə görülən quruculuq işləri göstərir ki, Qarabağın mirvarisi sürətlə yalnız Azərbaycanın deyil, bütün regionun ən gözəl şəhərlərindən birinə çevrilir.