Tarixi Zəfərə tarixi ehtiramın paradı

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Bu Zəfər işğalın sonu oldu. 28 il işğalda qalan ərazilərimizdə qələbə bayraqları dalğalandı. Dünya bir daha inandı və əmin oldu ki, Azərbaycan Ordusu güclü ordudur. Böyük qələbələr həmişə böyük miqyasda qeyd olunur. Bu Zəfər böyük zəfər idi. Havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan regionda status-kvonu saxlamaq istəyirdi. Bunun üçün bütün siyasi üsul və vasitələrdən istifadə edirdi. Ona görə dünya ictimaiyyəti Azərbaycan Ordusunun zəfərinə tarixi Zəfər dedi. Tarixi Zəfərdən az sonra – dekabrın 10-da Bakının Azadlıq meydanında parad keçirildi. “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə dedi. Bu qüruru dnüya azərbaycanlıları da, Azərbaycanı sevən dövlətlərin vətəndaşları da qürurla yaşadı.

İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycanın haqq işini nəinki dəstəklədi, həm də mənən onun yanında oldu. Türkiyə müharibənin ilk günlərindən Azərbaycana kömək göstərdi. 10 dekabr paradında iştirak edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qardaşlıq manifesti hesab ediləsi çıxışında dedi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”...

Bu paradda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlə¬ri¬mizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.

Bu tarixi Paradı daha da möhtəşəmləşdirən qardaş Türkiyəni təmsil edən hərbçilərin də iştirakı oldu. Bu, tarixi qardaşlığın təzahürü kimi tarixləşdi. Bu tarixləşmənin davamı Azərbaycanla Türkiyə aarsında hərbi əməkdaşlıq üzrə Şuşa Bəyannaməsi imzalandı.

Bu parad dünyəvi niyyətlər, bəşəri niyyətlər paradı idi. Parad dünyəviliyə, bəşəriliyə yad niyyətlərin sonda məğlub olacağının təsdiqi kimi izlənildi. Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı.
Xalqın, xalqın tərkib hissəsi olan ordunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, Hərbi Qənimətlər Parkının salınmasını qazanılmlş tarixi Zəfərə tarixi ehtiram bildi.

Bu park işğalın sonu haqqında dünyaya verilən haqq-ədalət mesajıdır; açıq səmada salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşlərin unudulmamasının eksponatlarıdır, bu park tarixi Zəfərin tarixə hesabatı kimi qəbul ediləsi parkdır...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı