TDT-nin inkişafı və perspektivləri

Türk Dövlətləri Təşkilatı siyasi və iqtisadi baxımdan əhəmiyyətli təşkilatlar sırasında özünəməxsus yer tutur. 2009-cu ildə yaranan təşkilatın Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan tam üzvləri, müşahidəçi üzvləri isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır. Təşkilatın məqsədi eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaradılmasıdır. Fəaliyyət sahələrinə isə siyasət, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat, təhsil, gənclər və idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya və media və s daxildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir.

 

Azərbaycan Respublikasının TDT-yə üzv və müşahidəçi dövlətlərin əksəriyyəti ilə strateji müttəfiqlik və ya strateji tərəfdaşlıq münasibətlərinə malik olması təşkilat çərçivəsində həmin ölkələrlə siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, urbanizasiya, din, humanitar, səhiyyə, təhsil, gənclər və idman, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar, media, hüquq, ədliyyə və məhkəmə daxil olmaqla, bir çox sahələrdə çoxtərəfli əməkdaşlığa zəmin yaradır.

 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-rəsmi Zirvə toplantısı növbəti dəfə türk dünyasının geostrateji mövqeyini və siyasi-iqtisadi potensialını nümayiş etdirdi. Zirvə toplantısının TDT tarixində ilk dəfə müşahidəçi ölkədə - Macarıstanda keçirilməsi isə təşkilatın Şərqi Avropa regionunda nüfuzunu, qlobal iqtisadi proseslərdə aktiv gücünü təsdiqlədi.

Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın TDT ölkələri ilə əlaqələrinin inkişafına verdiyi töhfələrə, regional və qlobal transmilli layihələrdə fəal roluna diqqət çəkərək təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyduğunu xatırladıb. Həmin investisiyalar Türkiyədə enerji və kimya sektoruna, eləcə də digər qardaş ölkələrin sənaye, energetika, nəqliyyat sahələrinə yatırılıb. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini göstərir.

Son zamanlarda baş verən hadisələr onu deməyə əsas verir ki, Türk ölkələri gərginlik dövründən çıxmaqdadır. Bura Dağlıq Qarabağ Probleminin həll olunması, PKK-nın silahı yerə qoymaqla bağlı yaydığı bəyanat daxildir. Lakin bununla belə, TDT beynəlxalq proseslərin, müharibələrin və iqtisadi təlatümlərin mənfi təsirini hələ də yaşayır. Və bu mənfi təsiri azaltmaq üçün danışıqlar aparmağa, problemləri birlikdə həll etməyə çalışırlar. Şimal-Cənub və Şərq-Qərb kommunikasiyaları türk coğrafiyası ölkələri ilə onların qonşuları arasında əlaqələri stimullaşdırmağa, qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün yeni şərait yaratmağa imkan verir. Təbii ki, ölkələrin birgə təhlükəsizliyi gücləndirmək istəyi də diqqətəlayiqdir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı