"Təcili yardım çağırıram, gəlmir"

Azərbaycanda Covid-19 virusuna gündəlik yoluxma sayı artdıqca, onun müayinə və müalicəsi ilə bağlı şikayətlər də artır. "Təcili yardım çağırıram, gəlmir," "test götürürlər, cavabı 5 gündən sonra verirlər" kimi şikayətlər bu artımın fonunda daha tez-tez eşidilir.

Səhiyyə Nazirliyi deyir ki, hazırkı epidemioloji vəziyyətlə əlaqədar yaxmaların götürülməsi ilə bağlı müraciətlərin sayı həddindən artıq çoxdur, bu da "vətəndaşların haqlı narazılığına" səbəb olur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BBC-yə deyilib ki, "götürülmüş test nəticəsinin çox olması səbəbindən 1-3 gün ərzində gecikmələr müşahidə oluna bilir".

Amma bəzi vətəndaşlar düşünürlər ki, hər dəfə koronavirusa yoluxma halları artanda Azərbaycan səhiyyə sistemi bunu idarə etməkdə "aciz və zəif" görünür.

Vətəndaşlar nədən şikayət edirlər?

Əgər ötən il müşahidə edilən koronavirusa yüksək yoluxma dalğasında daha çox xəstəxanaya yerləşdirilməmə şikayəti eşidilirdisə, bu dəfə daha çox təcili tibbi yardıma və səhiyyə qurumlarının qaynar xətlərinə əlçatımlılığın olmaması, Covid-19 testinin gec götürülməsi və cavabının gec bildirilməsi ilə bağlıdır.

Bəziləri isə test cavabı gec çıxdığı üçün "türkəçarə" yollarla müalicəyə başladıqlarını deyirlər.

Bakı sakini, evdar xanım Ülkər Rəhmanova özündə koronavirusun əlamətlərini hiss edən kimi təcili yardıma zəng edib: "Bir-iki saat içində gəldilər, test götürdülər, amma testin cavabını 5 gündən sonra aldım".

"Pozitiv" cavab alan Ülkər Rəhmanova deyir ki, bu 5 gün ərzində onun vəziyyəti nisbətən ağırlaşıb, amma ortada test cavabı olmadığı üçün özü-özünü müalicə etməli olub: "Adi qrip kimi müalicə taktikasini seçdim, bol, isti maye qəbul etdim, duru yemək, meyvə yedim. Bəlğəmgətirici otlar dəmləyib içdim. Təmiz, günlü havaya çıxdım, xüsusi idman hərəkətləri elədim".

BBC Azərbaycanca əməkdaşı test cavabını gec əldə etməsini öz təcrübəsində sınaqdan çıxarıb. O, Covid-19 virusuna yoluxmuş şəxslə təmasda olması səbəbilə test verib və cavabı 5 gün gözləməli olub:

"Poliklinikaya, səhiyyə qurumlarına zəng etdim. Qaynar xətdə avtomatik cavabda deyilirdi ki, növbədə 40-cı sıradayam. 15-20 dəqiqə gözləyəndən sonra xətt avtomatik bağlanırdı. Test cavabımın nə vaxt çıxacağı barədə məlumat əldə edə bilmirdim," - BBC əməkdaşı söyləyir.

O bu 5 gündə heç yerə çıxa, heç kimlə ünsiyyət saxlaya bilmədiyini deyir. "Evə qapanıb qalmışdım. Bilmirdim, xəstəyəm, ya yox. Xəstəyəmsə, müalicədə gecikirdim. Yoluxmamışamsa, demək ki, iş-gücümü atıb boş-boşuna evdə oturmuşam".

O, analiz verdikdən beş gün sonra testinə neqativ cavab alıb.

Avqustun əvvəllərində ölkədə gündəlik yoluxma sayı 700-ə yaxın olsa da, ayın ortasında bu rəqəm 3 mini, sonlarında isə 4 mini keçmişdi. Sentyabrın əvvəllərindən indiyə qədər gündəlik yoluxma sayında rəqəmlər 2000 - 4000 arasında dəyişir, orta hesabla gündəlik ölüm sayı da hələ ki, 35-40 arasıdır.