Bakı Şəhər Baş Səhiyyə İdarəsindən təkzib

06.07.2022-ci il tarixində sabahinfo.az saytında “Bakı Şəhər Baş Səhiyyə İdarəsində özbaşınalıq” adlı yazı yayımlanmışdır. Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin adından bildirmək istəyirik ki, yazıda göstərilən faktlar həqiqətə uyğun deyil, yazıda konkret bir şəxsin bitərəf mövqeyi əks olunub.  

Belə ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in rəhbərliyi bildirir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in 25.10.2021-ci il tarixli 35 nömrəli qərarının icrasını təmin etmək məqsədilə 03 fevral 2022-ci il tarixdə ştat cədvəli təsdiq edilmişdir. Həmin ştat cədvəlində “kompüter operatoru” vəzifəsi  olmadığı üçün Abbasova Gülnar Rizvan qızına “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in tabeliyində olan müəssisədə müvafiq vəzifəsi üzrə, daha yüksək əmək haqqı ilə iş təklif olunmuşdur. Lakin o təklif olunan iş yeri ilə razılaşmamışdır. Onu da əlavə edək ki, Abbasova Gülnar Rizvan qızı orta təhsillidir. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in yeni ştat cədvəlində orta təhsilli işçilərin təyinatı nəzərdə tutulmamışdır. 

Nəzərinizə çatdırmaq istəyirik ki, yazıda adları sadalanan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in  ştatında olan digər “kompüter operatoru” vəzifəsində olan əməkdaşlara da tabeli müəssisələrdə vəzifələrinə uyğun müvafiq iş təklifləri olunmuş və onlar bu vəzifələrlə razılaşaraq təyinatları üçün müvafiq tədbirlər görülmüşdür.

Bir daha diqqətinizə çatdırmaq istəyirik ki,  yazıda göstərilən məlumatlar real faktlara əsaslanmır və burada  birbaşa məqsəd Bakı Baş Səhiyyə Mərkəzinin reputasiyasının aşağı salınması  və Mərkəz haqqında cəmiyyətdə mənfi rəy yaratmağa hesablanmışdır.
 
Biz  “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in rəhbərliyi olaraq lazım olduğu halda bu məsələ ilə bağlı müvafiq sənədləri təqdim etməyə hazırıq.
Bir daha kütləvi informasiya vasitələrinin nəzərinə çatdırırıq ki, bu cür məlumatları yaymamışdan əvvəl məlumatların həqiqiliyinin dəqiq araşdırılması məqsədəuyğundur.