Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində baş tutan görüşlər və Donald Trumpın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu səfər təkcə diplomatik protokol çərçivəsində keçirilən görüş kimi deyil, həm də Azərbaycanın qlobal gündəlikdə yer alan məsələlərə töhfə verən aktor kimi qəbul edilməsinin göstəricisi kimi dəyərləndirilməlidir.
Vaşinqton platformasında Azərbaycanın regional sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və çoxtərəfli əməkdaşlıq sahəsində həyata keçirdiyi təşəbbüslərin müzakirə olunması ölkəmizin strateji əhəmiyyətinin artdığını təsdiqləyir. ABŞ Prezidenti tərəfindən Azərbaycanın ünvanına səsləndirilən fikirlər rəsmi Bakının müstəqil və balanslaşdırılmış siyasətinə verilən siyasi qiymət kimi qəbul oluna bilər. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və sülh gündəliyinə verdiyi töhfənin diqqət mərkəzində olduğunu göstərir.
Lakin bu mühüm səfər fonunda cənab Prezidentin qaldığı otelin qarşısında baş verən insident göstərdi ki, Azərbaycanın güclənməsini və dinamik inkişafını həzm edə bilməyən müəyyən dairələr diqqəti əsas məzmundan yayındırmağa çalışırlar. Dövlət başçısının rəsmi səfəri zamanı bu cür nümayişkaranə və etik çərçivələri aşan davranışlar sıradan etiraz forması deyil, siyasi mahiyyət daşıyan təxribat təsiri bağışlayır.
Baş verən insidenti izləyəndə çox aydın görünür ki, məqsəd hansısa fərdi narazılığı ifadə etmək deyil, beynəlxalq platformada ölkəmizin qazandığı siyasi dividendə kölgə salmaqdır. Belə addımlar Azərbaycanın sürətli sosial-iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və dövlətçilik mövqeyinin möhkəmlənməsinə qarşı yönəlmiş informasiya və imic təxribatıdır və bunun başqa adı ola bilməz.
Azərbaycan son illərdə regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir, enerji və nəqliyyat layihələri ilə qlobal təhlükəsizliyə töhfə verir. Bu dinamik inkişaf təbii olaraq müəyyən dairələri narahat edir. Lakin ayrı-ayrı qrupların destruktiv davranışları nə ölkəmizin strateji kursunu dəyişə, nə də beynəlxalq tərəfdaşlarımızın Azərbaycanla bağlı obyektiv mövqeyinə təsir göstərə bilər.
Cəmiyyət olaraq bizim mövqeyimiz aydındır: dövlətimizi beynəlxalq müstəvidə təmsil edən ali vəzifəli şəxslərə qarşı hörmətsizlik ölkənin imicinə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Fikir müxtəlifliyi demokratik dəyərdir, lakin bu dəyər məsuliyyət və etik çərçivə ilə müşayiət olunmalıdır.
Azərbaycan öz suveren siyasətini qətiyyətlə davam etdirir. Dinamik inkişaf yolumuz, beynəlxalq nüfuzumuz və milli maraqlara əsaslanan mövqeyimiz hər hansı təxribatdan daha güclüdür.
Novruzəli Aslanov ,
Milli Məclisin deputatı