Totalitar rejimin repressiyasından qurtula bilməyən böyük el sənətkarı

Azərbaycanın tanınmış və ictimaiyyətə o qədər bəlli olmayan intellektual mülkiyyət sahiblərini  sıradan çıxarmaq totalitar sovet rejiminin əsas hədəflərindən biri olub. 1937-ci ildə  və  sonrakı dönəmlərdə də bu proses davam edib. Biz  Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində dövrünün nəhəng sənətkarı, repressiya qurbanı Aşıq Mirzə Bilalla bağlı araşdırmalarımızı davam etdirdik. Azərbaycan aşıq sənətinin tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölməsinin rəhbəri Ağamurad İsrafilovla görüşüb söhbət etdik.

O, görkəmli sənətkar Aşıq Mirzə Bilalla bağlı fikirlərini açıqladı: “Uzun müddət yaddan çıxan repressiya  qurbanı Mirzə Bilalı ilk dəfə Səttar Axundov tədqiq edib.  Daha sonra müharibə veteranı, elm adamı  Mürsəl Mürsəlov  onu araşdıraraq  1982-cı ildə  “Gəl görüşək ilk bahar” kitabını nəşr etdirib. Mən Mirzə Bilalın oğlu 94 yaşlı  Aga Şəfi əmi ilə söhbət etmişəm. O, atasına lələ deyirdi. Atası repressiyaya uğrayandan sonra onlar Kürdəmir rayonuna köçüblər.  Ailəsi ilə birlikdə orada yaşayıb.  94 yaşlı Ağa Şəfi əmi atasının həbs olunma anını xatırlayaq bildirirdi ki, 1938-ci ildə  bu hadisə baş verib. Gecə sahə müvəkkili, basqallı Canəli 3 dəfə Bilal deyib qışqırıb. Atam sanki hiss edib ki, bu çağrış  başqa çağrışdı. Ona görə, hamımızla halallaşır, uşaqların başın sığallayır və onun axrasınca gələn şəxslərlə birlikdə gedir və bir daha geri qayıtmır”.  

Onu qeyd edək ki, Mirzə Bilal 1937-ci ilə qədər bir dəfə həbs olunmuşdu. Sonradan isə bəraət alaraq həbsdən buraxılır. 

Müsahibimiz Ağamurad İsrafilov repressiyaya uğrayan  ustad haqqında fikirləri davam etdirir:  “Mirzə adı hər kəsə verilmirdi. Böyük istedad və intellekt sahibi olan Mirzə Bilal bir neçə xarici dili mükəmməl bilirdi. O, aşıqlıq sənətində parlaq sima olmaqla bərabər, klassik musiqimizi, muğam sənətini gözəl bilib və ifa edirmiş. Bütün bu ali keyfiyyətlərə görə, ustada xalq tərəfindən Mirzə adı verilib.  Mərhum tarixçi alim Seyfəddin Qəniyev Aşıq Mirzə Bilal haqqında yazdığı kitabda ustadın həbs olunması ilə bağlı sorğu vərəqində qeyd edib ki,  erməni millətindən olan müstəntiq  Matrosyan bu prosesi aparıb və nəticədə heç bir günahı olmayan, millətin qaymaqlarından biri Mirzə Bilal güllələnib. Təbii ki, ondan sonra Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir. Ağa Şəfi əmi təhlükəsizlik qüvvələri tərəfindən Mirzə Bilalın kitabları, əlyazmaları ilə bərabər hətta onun sazının da aparıldığını bildirir. Bu gün bizə çatdırılan  sənətkarın irsi yalnız yaddaşlardan toplanan nümunələrdir”. 

Haqq aşığını qətlə yetirən totalitar rejim  onun yaxınlarını, ailə üzvlərini rahat buraxmır. Şamaxının Quşçu kəndində məktəb direktoru işləyən Mirzə Bilalın qardaşı Ağasəlim müəllim dərhal məktəbdən uzaqlaşdırılır. Uzun illər keçəndən sonra o, digər məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir. 

Bir vacib məqamı unutmaq olmaz ki, XX əsrdə Azərbaycanın  bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin  mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Həmin dövrdə istintaq  orqanlarında işləyən şəxslərin demək olar ki, əksəriyyəti ermənilər və digər millətlərin nümayəndələri olub.  

Araşdırma Qrupu