Ulu Öndərin ideyaları ilə yetişən Azərbaycan gəncliyi dövlətimizin parlaq gələcəyidir

“Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır” – bu müdrük sözlərin müəllifi olan Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin də təməlini qoyan şəxsdir.

Gənclər hər bir millətin, dövlətin, cəmiyyətin yaşaması, öz varlığını qoruyub saxlaması və gələcək inkişafı üçün əsas qüvvədir. Gələcək gənclərindir. Odur ki, hər bir xalqın və dövlətin var olması onun sağlam və savadlı, milli düşüncələrə, millətinin, xalqının adət-ənənələrinə, dövlətçilik tarixinə bələd olan, onlara sahib çıxan gəncliyinin olması vacibdir. Ölkədə dövlətçiliyin möhkəmləndirilməsində, cəmiyyətdə demokratik dəyərlərin formalaşmasında, elmi, iqtisadi, mədəni inkişafda, ümumiyyətlə istənilən sahədə inkişaf və tərəqqinin təməlində savadlı, bilikli gənclər dayanır. Bu məlum həqiqəti hamıdan yaxşı anlayan, gənclərin ölkəmizdəki rolunu yüksək qiymətləndirən, onlara hər zaman böyük dəyər verən, gənclərimizə inanan, Azərbaycanın hər bir gəncinə ata qayğısı ilə yanaşan Ulu Öndərimiz həyata keçirdiyi gənclər siyasəti ilə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına təkan vermiş, gənclərin cəmiyyətin, dövlətin idarə edilməsinə fəal cəlb edilməsini təmin etmiş, onlarda vətənpərvərlik hisslərinin, milli düşüncənin formalaşmasına şərait yaradan mühitin yaradılmasına nail olmuşdur.

Gənclər siyasətini daha uğurla, mərkəzləşdirilmiş formada və məhsuldar həyata keçirə bilmək üçün Ulu Öndərin 26 iyul 1994-cü il tarixli fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1996-cı il yanvarın 26-da isə Ulu Öndər öz sərəncamı ilə həmin il fevralın 2-də Azərbaycan Respublikasında gənclərin ilk formunun keçirilməsini qərara almışdır. Hələ müstəqilliyini yenicə bərpa etmiş, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər olan dövrdə böyük siyasi hərc-mərclik yaşamış, torpaqlarının bir hissəsi düşmən işğalına məruz qalmış bir ölkədə gənclərin ilk forumunu keçirməyi qərara almaq özlüyündə olduqca uzaqgörən və vətənpərvər bir addım idi. Forumda şəxsən iştirak edən Ümumillilider öz çıxışında vurğulamışdır ki, gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır, gənclərimiz bizim tariximizi, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir, ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir.

Ölkədə ilk gənclər forumunun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Gənclər siyasətinin prespektivləri, qarşıda duran vəzifələr, gənclərlə işin inkişaf istiqamətləri daha aydın müəyyən olundu. Azərbaycan gənclərinin dövlətimizin inkişafında fəal iştirak etməyə hazır olduğu, Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğu sübut olundu.

Ulu Öndərin Azərbaycan gənclərinə ən böyük xidməti onların müstəqil dövlətin vətəndaşı, demokratik cəmiyyətin üzvü kimi yaşamasını təmin etməsidir. Heydər Əliyev gənclərə müraciət edərək bildirmişdir ki, “mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız”. Həqiqətən də müasir Azərbaycanın gəncləri sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclər kimi formalaşdı.

Ulu Öndər elmdən, təhsildən, incəsənət və mədəniyyətdən, tariximizdən, ümumiyyətlə milli ideologiya konsepsiyamızdan danışarkən də həmişə ilk növbədə gəncləri yada salırdı və həmişə qeyd edirdi ki, gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır.

Azərbaycan gənclərinə hər zaman böyük qayğı ilə yanaşan, onların sağlam nəsl kimi formalaşdırılmasına çalışan Ulu Öndərimiz Heydər Əliyevin gəncləri idmana təşviq etməsi, onun özünün idmana olan sevgisi, qayğısı, idmançılara, idman mütəxəssislərinə göstərdiyi böyük diqqət də hər kəsə bəllidir.

Ümumiyyətlə fenomenal şəxsiyyət olan Heydər Əliyevin yüksək şəxsi keyfiyyətləri arasında uşaqları və gəncləri dərin məhəbbətlə sevmək bacarığı seçilirdi. Heydər Əliyev hər fürsətdə uşaqlarla və gənclərlə bir araya gəlməyi, onlarla söhbət eməyi sevirdi. Ulu Öndər dəfələrlə şəhid övladları və kimsəsiz uşaqlar üçün təşkil edilmiş bayram şənliklərində şəxsən iştirak etmiş, gənclər forumlarında, uşaqlar günü ilə bağlı keçirilən mərasimlərdə çıxış etmiş, idman yarışlarında, beynəlxalq müsabiqələrdə uğur qazanmış gəncləri şəxsən qəbul edərək onlara dəstək olmuşdur. Ulu Öndərin məharətli natiqlik keyfiyyəti, istənilən auditoriya ilə ünsiyyət qurmaq və auditoriyanı ələ almaq bacarığı, lazımı məqamlarda xoş yumor hissi onun gənclərlə görüşündə də özünü göstərmiş və bütün görüşlər olduqca yüksək əhval-ruhiyyədə keçmişdir.

Universal biliyi, intellekti, dünyagörüşü, siyasi müdrikliyi, təmkini və səbri, hadisələrə ədalətli yanaşması, həmişə obyektiv mövqe tutması, fenomenal yaddaşı, qüsursuz nitqi və ən əsası sonsuz vətən-millət sevgisi ilə Heydər Əliyev Azərbaycan gəncləri üçün ən böyük vətəndaşlıq nümunəsi olmuşdur.

Sonda Heydər Əliyevin daha bir cümləsini mütləq yada salmaq istəyirəm. Azərbaycan gənclərinə və uşaqlarına istinadən Ulu Öndər demişdir ki, “çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar”. Məhz Heydər Əliyevin ideyaları ilə böyüyən Azərbaycan gəncləri və onun layiqli davamçısı cənab İlham Əliyev Ulu Öndərin bu inamını həqiqətə çevirmiş, düşmən işğalına son qoymuş, çadırlarda doğulmuş vətəndaşlarımızı öz ata-baba yurdlarına qovuşdurmuşdur.

Qalib ölkənin gəncləri kimi bu gün gənclərimiz daha böyük əzm və iradə ilə həm öz fərdi inkişafları, həm də dövlətimizin parlaq gələcəyi üçün çalışmalıdırlar. Gənclərimiz əmin olmalıdırlar ki, Ulu Öndərin təməlini qoyduğu gənclərə dövlət dəstəyini cənab Prezidentin rəhbərliyi dövründə də öz üzərlərində hiss etməyə davam edəcəklər.


Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov