Ülviyyətin ünvanı - Mehriban Əliyeva

Xeyirxahlıq mücəssəməsi

Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü olmaqla, ölkəmizin qazandığı çoxsaylı uğurlarda xüsusi yer tutur. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mübarizə aparıblar. Prezident İlham Əliyevin sözləri ilə desək, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Bu gün də qadınlarımız dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını çox uğurla daşıyır. Bunun ən bariz nümunəsi Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.

Zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz və hörmət qazanan Mehriban xanım həm vətəndaş, həm şəxsiyyət kimi Azərbaycanın ictimai həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. Mehriban xanımın həyat fəlsəfəsinin mərkəzində Prezidentin ona olan etimadını, ona böyük ümid və inam bəsləyən insanların etimadını doğrultmaq dayanır. Bütün fəaliyyətinin əsas qaynağı – İnsandır! Hər bir layihəsi insanlar üçün, insanlıq üçündür. O bu layihələri çox böyük həvəslə, diqqətlə, ehtiramla həyata keçirir. Heç bir məsələ onun nəzərindən qaçmır. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.

Müasir tariximizə, müstəqil dövlət qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək istəyindən yaranan Fondun fəaliyyəti ölkə və dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə həyata keçirilən böyük layihələr bunun bariz nümunəsidir. İnsanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, məktəbəqədər yaşlı və valideyn himayəsindən məhrum olan uşaqların sosial şəraitinin yaxşılaşdırılması, ekoloji mühitin təmiz saxlanılması Fondun diqqət mərkəzində saxladığı məsələlər sırasındadır.

Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. O, ölkədə gender bərabərsizliyinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi ailə dəyərlərinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Hələ, 2008-ci ildə Azərbaycan Qadınlarının 3-cü Qurultayında proqram xarakterli çıxışında yüksək tribunadan bir sıra məsələlərlə yanaşı, məişət və gender əsaslı zorakılığın fəsadlarını səsləndirdi. Bu, Mehriban xanımın həmin aktual problemə olan həssas münasibətinin ifadəsi idi. Dəfələrlə millət vəkili kimi əsaslı çıxışlar edərək “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi üçün təşəbbüslər göstərdi. Və nəhayət 2010-cu ildə bu Qanun qəbul edildi.

Mehriban xanım eyni zamanda, valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Cəmiyyətimizin həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların daha əlverişli şəraitdə yaşaması üçün gördüyü işlərin nəticələri onlarda gələcəyə inam yaradır.

Azərbaycanda aparılan nəhəng quruculuq işləri nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edilib, əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərq demək olar ki, aradan qalxmışdır. Və əlbəttə ki, ölkə həyatındakı bu dəyişikliklərdə Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu olmuşdur.

Respublikanın Birinci vitse-prezidentinin bütün çıxışlarının əsasını Azərbaycan, Azərbaycan xalqı, azərbaycançılıq məfkurəsi təşkil edir. Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edərək dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəyə öz bəhrəsini verməkdədir. Onun müxtəlif ölkələr arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da güclənməsi sahəsində keçirdiyi iki və çoxtərəfli görüşlər, həyat keçirdiyi humanitar layihələr mühüm əhəmiyyət daşıyır. Onun 2019-cu ildə Fransa Respublikasına, Rusiya Federasiyasına, 2020-ci ildə İtaliya Respublikasına səfərləri xüsusilə qeyd olunmalıdır. Bu illər ərzində Mehriban xanımın rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə həyata keçirdiyi xeyriyyə layihələri Vətən Müharibəsi zamanı bizə bir çox dövlətlərin dost münasibət göstərməsinə səbəb olmuşdur. Eyni zamanda, Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də fondun vitse - prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu beynəlxalq arenada böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir.

Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir. Eyni zamanda, klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı həm Azərbaycanda, həm də Asiyada təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Mehriban xanımın təşəbbüsü ilə məscidlər tikilir, təmir edilir, eyni zamanda, katolik və pravoslav kilsələri, sinaqoqlar əsaslı bərpa olunur. Bu gün onun rəhbərliyi ilə Azərbaycanın şanlı qələbəsindən sonra Qarabağda məscidləri, xristian və tarixi alban kilsələrinin yenidən bərpa edilməsi işlərinə start verilmişdir.

Ötən il bütün dünyada, eləcə də Azərbaycanda COVİD-19 pandemiyası bəşəriyyəti yeni çağırışlar qarşısında qoydu. Bununla yanaşı, Azərbaycan 44 günlük Vətən Müharibəsi apararaq xalqımızn 30 illik Qarabağ həsrətini sona çatdırdı. Ölkənin, dövlətin çətin anlarından uğurla çıxmağımız üçün qarşılıqlı dəstək vacib rol oynayır. Mənəvi və maddi dəstəyin bir-birini tamamlaması mühüm güc mənbəyidir.Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus pandemiyası ilə bağlı xalqa müraciəti, “Instagram” səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümunələridir. Eləcə də, onun ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza etdiyi müraciət bir daha göstərdi ki, biz bir-birimiz üçün məsuliyyət daşıyırıq. Bir çox məsələlərdə ehtiyatı əldən verməməliyik. Lakin bununla yanaşı, öz mübarizə əzmimizi göstərməliyik. Müsahibələrinin birində Ermənistan vandalizminə münasibətinin bildirərkən, Mehriban xanım qeyd etmişdir ki, “Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa edir”. İnsanlığa qarşı cinayəti, terrorizmi qətiyyətlə pisləyərək, vurğulayırdı ki, “bütün bunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağı yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşımında xalqımızı, dünya azərbaycanlılarını təbrik edərək, bildirdi ki, “Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq”. Bəli bizim şəhidlərimizə, qazilərimizə, Vətən Müharibəsi iştirakçılarına minnətdarlıq hissimiz sonsuzdur. Mehriban xanım həmişəki ki, bir ictimai xadim və dövlət məmuru kimi həlak olanların ailələrinə lazımi köməyi göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edir.

Mehriban xanımın vətəndaş, ana- bacı, dost kimi xalqımıza etdiyi hər bir çağırışı, istər ölkə daxilinidə, isətrsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik yaradır. Bu müraciətlərin sonu hər zaman heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitir. Bu insanlarda ruh yüksəkliyi yaradır və ona olan hörməti, inamı daha da artırır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrə görə bir çox ali mükafatlara, orden və medallara layiq görülüb. Lakin onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi xüsusidir. Mehriban xanım həmin mərasimdə təkcə özünün deyil, həm xalqımızın ürəyindən gələn ən səmimi fikirləri ifadə etmişdir: “Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.

Milli-tarixi köklərimizə, bəşəri keyfiyyətlərə daim sadiq qalan Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənimizin və xalqımızın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkəmizin inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca səbəb isə onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. Biz bu yolda ona uzun ömür, can sağlığı və böyük uğurlar arzulayırıq.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor