Ümummili lider Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasında rolu

Müasir Azərbaycan tarixində mühüm günlərdən biri də 15 iyun Milli Qurtuluş günüdür. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bu tarix milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Dahi şəxsiyyətin xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Həyatın bütün sahələrində islahatlar keçirərək, həm daxili, həm də xarici siyasətdə mühüm layihələrə başlayaraq Ulu öndər ölkəni parçalanmaq və siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir və bununla ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir.

Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, siyasi, iqtisadi çətinliklər gəlir. Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ölkədə hakimiyyətdaxili xaos, iqtisadi və siyasi kollaps yaranmışdı. Eyni zamanda, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş və nəticədə insanlar öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Məhz belə bir anda - 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Öz hüquq və azadlıqlarını bilərək, cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir.

Vətəndaş cəmiyyətinin formalaşması üçün sabit ictimai münasibətlər tənzimlənməli, beynəlxalq təcrübə öyrənilməli idi. Ulu öndər Heydər Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yaratmışdı. Müstəqillik illərində Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.

Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə ziyalılar ona müraciət ünvanladılar. Yaranmış bu siyasi partiya, yəni Yeni Azərbaycan Partiyası vətəndaş cəmiyyətinin formalaşmasında çox mühüm rol oynadı. Bu təşkilatın yaranması, eyni zamanda, yeni ictimai və siyasi təşkilatların, mətbuat orqanlarının yaranmasına stimul verdi.

Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Müstəqil dövlətimizin ali sənədinin- Konstitusiyanın müəllifi olan ulu öndər Heydər Əliyev burada ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi də önəmli məsələlərdən biri idi. Sağlam ailə sağlam nəsil,sağlam milliət deməkdir. Bu baxımdan Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu xüsusilə qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi ki: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Öz müdrik siyasəti ilə istər müstəqillikdən əvvəl, istərsə də sonrakı dövrdə qadınların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışdı. Hələ Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası qadın problemlərini, gender məsələlərini istənilən səviyyədə müzakirə edərək müəyyən nəticəyə gələ bilmədiyi halda, Ulu Öndərin müdrik siyasi uzaqgörənliyi Azərbaycanda bu məsələlərin həllinə təkan vermişdi. Bu nə ilə xarakterizə edilirdi? Heydər Əliyev qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Elə bir sahə yox idi ki, orada qadınların iştirakı olmasın. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulmuşdur. Qanunvericilik bazası təkmilləşdirilərək bir sıra qanunlar qəbul olundu. Azərbaycan Respublikasının Əmək, Ailə və Mülki Məcəllələrində qadınların işləmək, iqtisadi, yaşamaq və mülkiyyət sahəsində yeni hüquqları öz əksini tapdı. Ulu Öndərin 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisidir. 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı isə ölkədə qadın siyasətinin inkişafına xidmət edən əsas sənəd oldu. Bu gün, bu siyasəti daha da gücləndirən ölkə Prezidenti İlham Əliyev Dövlət Komitəsinin üç istiqamət üzrə vəzifələrini genişləndirmişdir. “Gender (kişi və qadın) bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunların qəbul olunması isə bu siyasətin məntiqi nəticəsidir. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması və Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyətin müəyyən edilməsi də dediklərimizi bir daha təsdiq edir. Qeyd etmək istərdim ki, bu Qanunların qəbulu və Məcəlləyə dəyişikliklərin edilməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi, dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində cəmiyyətimizdə gedən mənəvi, iqtisadi reqress, üzləşdiyimiz Dağlıq Qarabağ problemi uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, dilənçilik halları cəmiyyətdə narahatlıq yaratmışdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Bu gün isə Azərbaycanda uşaq hüquqları ilə bağlı müasir qanunvericilik bazası formalaşmışdır. Ölkə Prezidenti İlham Əliyev və Hökumət tərəfindən uşaqlarla bağlı 100-ə yaxın qanun və 40-a qədər Dövlət Proqramının uğurla icra olunması bu sahəyə dövlət qayğısının nümünəsidir. Bu sənədlər vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Eyni zamanda, Heydər Əliyev Fondu və şəxsən hörmətli Mеhribаn хаnım Əliyevа tərəfindən böyük layihələr həyata keçirilir.

Ulu Öndərimizin ülvi arzusu olan xalqımızın və dövlətimizin müstəqilliyinin əbədiliyini yaşaması, işğal olunmuş torpaqlarımızın azad olunması kimi müqəddəs missiyanı hər bir azərbaycanlı öz əməli, fəaliyyəti ilə yerinə yetirməyə çalışır. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun şanlı Qələbəsi nəticəsində artıq ərazi bütövlüyümüz təmin olunmuş, Qarabağ işğaldan azad olunmuşdur. Hazırda “Böyük Qayıdış” üçün genişmiqyaslı quruculuq işləri aparılır. Əlbəttə, 30 ilə yaxın bir müddətdə erməni faşistləri Qarabağı, bu gözəl diyarı yerlə-yeksan etmişlər, xarabaya çevirmişlər. Lakin, cənab prezident İlham Əliyevin dediyi kimi, biz qurub-yaradan xalqıq və tez bir zamanda Qarabağda həyat canlanacaq, vətəndaşlarımız öz doğma torpaqlarına qayıdacaqdır. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi İlham Əliyev ləyaqətlə davam etdirir. Onun bu fəaliyyəti Heydər Əliyev ənənələrinə, Heydər Əliyev irsinə sədaqətini bir daha təsdiqləyir.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

 

12Sen, Anar Mustafayev ve 10 diğer kişi