"Ümumrespublika Xəmsə Festivalı"nın VIII turu keçirilib

Sentyabrın 24-də Mingəçevir şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın növbəti mərhələsi keçirilib.

Əvvəlcə festival iştirakçıları Mingəçevir şəhərindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

YAP Mingəçevir şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavanşir Yusubov "Nizami Gəncəvi ili" çərçivəsində YAP Gənclər Birliyi tərəfindən keçirilən "Ümumrespublika Xəmsə Festivalı"nın xüsusilə fərqləndiyini vurğulayıb. Qeyd edib ki, layihə çərçivəsində gənclər ölkəmizin tarixi, ulu öndər Heydər Əliyevin irsi və Prezident cənab İlham Əliyevin müdrik siyasəti və misilsiz fəaliyyəti barədə biliklərini təkmilləşdirirlər.

Sonra YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev Aran bölgəsindən olan gənclərə layihədə fəal iştirak etdiklərinə görə təşəkkür edib. "Ümumrespublika Xəmsə Festivalı"nın pandemiya dövründə ölkə gənclərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində önəmli rol oynadığını qeyd edən F.Nəbiyev bildirib ki, YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrin əsas məqsədi səmərəliliyi artırmaqdır.

Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Goranboy, Laçın, Xocalı, Ağdam və Ağcabədi bölgələrini təmsil edən YAP üzvü və bitərəf gənclərdən formalaşmış komandaların iştirakı ilə keçirilən VIII regional turun nəticələrinə əsasən "Mingəçevir" komandası final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin final turu Gəncə şəhərində keçiriləcək.