Bəşəriyyətin fəxrlə yad etdiyi, mənsub olduğu xalqın taleyində müstəsna rol oynamış tarixi şəxsiyyətlər var. Onlar zaman və məkan anlayışlarından uca olan, millətin yaddaşına əbədi həkk olunmuş dahi simalardır. Azərbaycan xalqı üçün Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir.
102 il əvvəl dünyaya göz açmış Heydər Əliyev Azərbaycan xalqının taleyində elə bir işıq, elə bir yol açdı ki, bu yol müasir, müstəqil Azərbaycanın xilası və inkişafı ilə nəticələndi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider ölkəmizin dövlətçiliyinin əsaslarını formalaşdırdı, sabitliyin təmin olunmasına nail oldu.
İqtisadiyyatımızda, hüquqi və siyasi sistemimizin formalaşmasında, dövlət idarəçiliyinin bütün nailiyyətlərində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu var. Tam məsuliyyətlə demək olar ki, Azərbaycanın bu günkü beynəlxalq aləmdə artan nüfuzu, regional gücə çevrilməsi məhz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik konsepsiyası ilə bağlıdır. Bu konsepsiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir.
Bu gün Ulu Öndərimizin ruhu şaddır. Onun canı və qanı bahasına qurduğu Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandıraraq Zəfər qazandı.
Yolumuz Heydər Əliyev yoludur. Bu yol müstəqil Azərbaycanın inkişaf və tərəqqi yoludur. Bu yolda xalqımız öz dövlətini qurmuş, qalib millətə çevrilmişdir. Dövlətçilik ənənəsini daha da möhkəmləndirən cənab Prezident İlham Əliyev Ümummilli Liderin layiqli davamçısıdır.
Uca Tanrı Cənab Prezident İlham Əliyevə yar və yardımçı olsun! Uca Yaradan Ümummilli Liderimiz Heydər Əliyevə rəhmət eləsin, ruhu şad olsun!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
10 May 2025-ci il.