Uşaqlar nə gözəl böyüyür

Bu günün gəncləri uşaq olanda işğal ağrı-acıları yaşayanların istəyini eşidirdi – ata yurduna dönmək, ermənilərin söndürdüyü ocaqları alışdırmaq. Bir qaçqın ana demişdi: Torpaqlarımız işğaldan azad ediləndə kəndin girəcəyindən doqqaz qapımıza kimi dizin-dizin sürünə-sürünə gedəcəm. Bu müqəddəs niyyəti o vaxtlar mən də, mənim yaşıdım olan uşaqlar da eşitmişdi. Bu niyyəti uşaqlar televiziyadan da eşidirdi. Biz belə böyüyürdük. Belə böyüdük. O anaların yaşadıqları duyğular bizə də doğma duyğular idi. Mən də, yaşıdlarım da atamızdan soruşardıq ki, qaçqınların ağrı-acılarına nə vaxt son qoyulacaq, camaaat ev-eşiyinə nə vaxt dönəcək. Atalarımız saçlarımızı oxşayardı, “Ali Baş Komandan döyüş əmri verəcək, ordumuz torpaqlarımızı işağldan azad edəcək. Ondan sonra qaçqınlar doğma yurdlarına qayıdacaqlar”, – deyərdi...

Həmin günü ordu da, yaşlılar da, uşaqlar da həsrətlə gözləyirdi...

Ali Baş Komandan döyüş əmri verdi...

Düşmən məğlub edildi. Torpaqlarımız işğaldan azad olundu....

İndi işğaldan azad edilmiş ərazilərdə dinc quruculuq işləri gedir...

Bu günün uşaqları Vətən müharibəsində qazanılan Zəfərin qüdrəti ilə böyüyürlər. Quruculuq işlərinin də zəfərlə tamamlanacağına əminliklə böyüyürlər...

Yaxından tanıdığım bir ailədə Fəridə adlı 5 yaşlı bir uşaq böyüyür. Rəssamlığa həvəsi var. Bir əsgər şəkli çəkib. Əsgərin əlində dövlət bayrağımız. Fəridə çəkdiyi şəkli “Əsgər Şuşada” adlandırıb. Fəridənin düşüncəsiylə qürurlandıq, Fəridənin vətənsevərliyiylə qürurlandıq. Əmin olduq ki, Fəridənin (və Fəridələrin!) Vətən sevgisi milli dəyərlərimizdəndir. Bu gün hamımız Fəridələrimizlə qürurlanırıq! Uşaqlar nə gözəl böyüyür, nə gözəl böyüyür!

Səbinə XASAYEVA

Milli Məclisin deputatı