"Vaksinasiya prosesində daha effektiv nəticə əldə etmək üçün..."

Aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusla Prezident İlham Əliyev arasında onlayn formatda baş tutmuş görüşdə pandemiya ilə mübarizədə görülən tədbirlər və bu istiqamətdə beynəlxalq arenada Azərbaycanın gördüyü işlər, atdığı addımlar həm pandemiya ilə mübarizəyə verdiyi ümumi dəstək, həm də 30-a qədər ölkəyə etdiyi yardımlar xüsusi vurğulanıb. Vaksinasiya prosesinin həyata keçirilməsində də Azərbaycanın öncül yer tutması Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri tərəfindən xüsusi qeyd olunub. Azərbaycan bu prosesdə həm ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində tədbirlər görüb, həm də beynəlxalq platformada vaksinlərin ədalətli bölüşdürülməsi və bütün beynəlxalq ictimaiyyətin diqqətini bu sahədə ayrı-seçkiliyə yol verilməməsinə yönəldib. Ölkə başçısı vaksin ədalətsizliyinə qarşı öz etiraz səsini ucaldıb və Qoşulmama Hərəkatına üzv ölkələrin rəhbəri kimi mümkün ola biləcək bütün yardımların istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində çatdırılmasına nail olub.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat hesab edir ki, Azərbaycan vaksinasiya prosesi başlanılmadan və dünyada bu proses vüsət almazdan öncə öz daxili imkanları hesabına və ikitərəfli qaydada peyvəndlərin alınmasına dair müqavilələrin imzalanmasını çox strateji istiqamətdə planlaşdırıb. Nəticədə müqavilələr imzalanıb və Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini ilə ölkə təmin olunub: “Bu, sonrakı müddətdə Prezident İlham Əliyevin Avropa ölkələri və vaksin istehsal edən digər dövlətlərin yaratdığı sürprizlərdən öz ölkəsinin qorunması istiqamətində atdığı ən mühüm addımlardan biridir. Sonradan biz COVAX platforması çərçivəsində öz üzərimizə götürdüyümüz bütün öhdəlikləri həyata keçirməyimizə baxmayaraq, vaksinlərin təminatında problemlərin meydana çıxması Çinlə müvafiq anlaşmaların olmasının vacibliyini bir daha göz önündə canlandırdı, bunun nə qədər strateji və doğru addım olduğu sübut olundu. Beləliklə, Azərbaycan Cənubi Qafqazda ilk ölkə kimi yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlayıb. Son günlərdə COVAX platforması çərçivəsində “AstraZeneca” şirkətinin istehsal etdiyi vaksinlər gətirildi. O cümlədən BionTech/Pfizer vaksinlərinin də ölkəmizə çatdırılması prosesinə başlanılıb və bu proses davam edir. Beləliklə vaksinasiya prosesində də zamanında atılmış addımlar bir daha Azərbaycanı öncül və nümunəvi ölkə kimi dünya ictimaiyyətinə göstərdi”.

M.Məmmədli bildirib ki, ÜST rəhbəri Prezident İlham Əliyevlə keçirilən onlayn görüşdə və “Twitter”də etdiyi paylaşımda da Azərbaycanın bu sahədə gördüyü işlərə çox yüksək qiymət verib və həm koronavirusla mübarizə prosesində, həm də digər prosesdə atdığı addımları yüksək səviyyədə dəyərləndirib: “Dövlətimiz bütün dünyada olduğu kimi bu prosesdə yaxından iştirak etmiş insanların və zamanında peyvənd strategiyasına və taktikasına uyğun şəkildə vaksinasiya olunmuş insanların da pandemiya prosesində olan administrativ məhdudiyyətlərdən müəyyən qədər daha rahat yan keçməsini stimullaşdıracaq. Çünki burada vaksinasiya olunanların rahat hərəkəti təmin oluna bilər. Məsələn, həmin şəxslərin COVID-19 əleyhinə peyvənd vurdurmayanlara nəzərən “ASAN xidmət”in göstərdiyi xidmət növlərindən rahat yararlanmaları istiqamətində, səyahət zamanı rahatlığın, ümumiyyətlə sərbəst hərəkətin təmin olunması və digər məhdudiyyətlərin tətbiq olunmaması, məsələn SMS icazə tətbiq olunduqda bunun həmin insanlara şamil olunmaması, bölgələrə hərəkət zamanı hərəkətin rahatlaşdırılması, bölgələrarası səyahətin rahatlıqla həyata keçirilməsi kimi müəyyən addımlar atıla bilər. Təbii ki, bununla yanaşı, həmin insanların müxtəlif ictimai tədbirlərdə daha problemsiz iştirakı, digər məhdudiyyətlərdən kənar tutulması kimi addımların atılması mümkündür. Çünki dünya praktikasına baxdıqda peyvənd pasportunun verilməsi, beynəlxalq səyahət agentliklərində həmin şəxslərin daha rahat səyahət imkanlarının tanınması və s. istiqamətdə addımların atıldığını müşahidə etmiş oluruq. Ümumiyyətlə, vaksinasiya prosesində hər kəsin iştirakı təkcə könüllülük prinsipi kimi yox, vətəndaşlıq borcu kimi dəyərləndirilsə, daha effektiv nəticə əldə etmək olar. Çünki bu zaman həm öz sağlamlığımızı qoruyuruq, həm də ətrafımızdakı insanları riskdən sığorta etmiş oluruq”.