“Valideynlər övladlarının cinsi tərbiyəsinə ciddi fikir verməlidir”

“Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirdi: Özü və körpəsi öldü”. Bu ürəkdağlayan xəbər cəmiyyətimiz, valideynlər üçün növbəti SOS siqnalı olmalıdır.

Yeniyetmələrin təhsildən yayınması, ekrən nikah, cinsi istismar və zorakılıqla üzləşməsi halları ilk növbədə valideyn məsuliyyətsizliyinin nəticəsidir. Valideynlik dünyaya uşaq gətirməklə bitmir. Övladının tərbiyəsi, sağlamlığı, təhlükəsizliyi, təhsili, gələcək inkişafına görə valideyn birbaşa məsuliyyət daşıyır. Sevgiyə, qayğıya, diqqətə ehtiyacı olduğu bir vaxtda uşaqların əllərini buraxmaq onları uçuruma yuvarlamaqdır. Və bütün bu yaşananlar yeniyetmələrin cinsi tərbiyəsi məsələsini gündəmə gətirir. Valideynlər övladlarının tərbiyəsi ilə yanaşı, onların cinsi tərbiyəsinə də ciddi fikir verməlidirlər.

Cinsi yetişkənlik, normal cinsi həyat tərzinin nə vaxt başlamalı olduğunu və bu zamana qədər nələrdən və kimlərdən yaxın ya da uzaq durmanın qaydalarını başa salmalıdırlar. Yeniyetmələrin cinsi inkişafı, bu sahədə məlumatsızlığın fəsadları ilə bağlı onlarla başa düşə biləcəkləri dildə söhbətlər aparılmalıdır. Məsələn, onlara izah olunmaldır ki, cinsi yetişkənlik hələ cinsi əlaqəyə hazır olmaq demək deyil. 15 yaşlı yeniyetmə özü cinsi tərbiyə dövründədir. Bu yaşda uşaqlara belə halların nə qədər təhlükəli olduğu, cinayət halları yarada biləcəyi, sağlamlıq üçün təhlükəli olduğu başa salınmalıdr. 14-17 yaş uşaq və yeniyetmələrin cinsi yetişkənlik baxımından ən kritik dövrü hesab edilir. Bu dövrdə həm orqanizm, həm də psixoloji həyata baxış yenilənir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, uşaqlara cinsi inkişaf və tərbiyə haqqında məlumatlar hər yaşa uyğun öyrədilir.

Məktəbəqədər yaşlı uşaqlara artıq 3 yaşdan sonra həm özünü identifikasiya, həm də ətraf mühitlə tanışlıq aşılanır. Nəzərə alaq ki, bu gün uşaq və yeniyetmələr internet və sosial şəbəkələrdən geniş istifadə edir və bu, lazımlı, faydalı məlumatlarla yanaşı, mənfi informasiyaların əldə olunmasına səbəb olur. Bu kimi informasiyalar onların davranışına, həyata baxışına, insanlarla münasibətinə təsir göstərir. Xüsusən də yeniyetmələrin keçid yaş dövrü çox həssas mərhələ olduğundan mənfi informasiyalar bəzən ciddi fəsadlara yol açır. Ona görə də valideynlər övladları ilə daha çox vaxt keçirməlidir. Valideyn yeniyetmənin ən yaxın məsləhətçisi olmalıdır. Hər şeydən əvvəl isə onlar övladları üçün nümunəvi, düzgün obraz olmalıdır. Çünki uşaqların ailədə gördükləri özünü onların davranışında, həyat tərzində göstərir. Unutmayaq ki, övladlarımız bizim “sənət əsəri”mizdir. Uşaqların gözü, qulağı hər mənada çirklənməməlidir. Onları hər cür çirkinliklərdən, qeyri-etik danışıq və davranışlardan uzaq tutmalıyıq, mənfilikləri onlara izlətməməliyik. Cinsi tərbiyə uşağın sonrakı inkişafı üçün böyük əhəmiyyətə malikdir. Məhz valideynlərin yeniyetmələrə aşılaya bildiyi bu bilgilər onun gələcək ailə həyatı, nikaha, əks cinsə münasibəti və seksual münasibətlərdə davranışına böyük təsir göstərir. Son vaxtlar aparılan tədqiqatlar yeniyetmələrin fizioloji və cinsi biliklərinin az olduğunu göstərir. Bütün bunlar yeniyetmələrin cinsi tərbiyəsində ailələrlə yanaşı, məktəblərin də rolunu aktuallaşdırır.

Məktəblərdə cinsi tərbiyə dərslərinin keçilməsi, bu istiqamətdə maarifləndirici tədbirlərin genişləndirilməsinə ehtiyacı artırır. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” beynəlxalq Konvensiyaya görə, uşaqların cinsi istismar və cinsi zorakılıq təhlükələri, həmçinin özünü müdafiə vasitələri barədə onların öz inkişaf səviyyəsinə uyğun məlumat alması təmin edilməlidir. Araşdırmalar da sübut edir ki, cinsi tərbiyə ilə bağlı aparılan məqsədyönlü, sistemli işlər yeniyetmələrin gələcəkdə vaxtından əvvəl cinsi yaxınlığının, seksual motivli cinayətlərin qarşısını alır.