Vasif Talıbov iranlı naziri qəbul edib

İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri nəqliyyat sahəsindəki əməkdaşlığa diqqəti çəkib.

İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd edib, ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirib, Qələbə münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.