Vətən müharibəsinin qəhrəman Şəhidi Əli Tağıyevin anım günü keçirilib

Bu gün ötən ilin bu günlərini bir daha xatırladıq, Şəhid ailələrimizlə birlikdə qürurlandıq, hüzünləndik, qəhrəman övladlarımızla, Azərbaycanımızla, xalqımıza tarixi Zəfər qazandıran Prezidentimiz, müzəffər Ali Baş Komandanımızla və qəhrəman Azərbaycan Ordusu ilə fərəhləndik.

Səbail rayonunda bu gün - 13 oktyabr - Vətən müharibəsinin qəhrəman Şəhidi Əli Tağıyevin anım günü idi. Məzarı başında anası Təranə xanım, atası Aydın bəy, əkiz qardaşı Məhəmməd və bütün Səbail rayonu ictimaiyyəti vardı. Tağıyevlər ailəsinin son beşiyi olan Əli artıq yalnız bu ailənin yox, bütün Azərbaycanın qəhrəmanıdır. Bu gün Əli üçün çıxışlar edildi, Əli üçün şerlər deyildi, hər kəs Əli ilə bir daha fəxr etdi.

Əli həm də Aprel döyüşlərinin iştirakçısı idi və ürəyində böyük Vətən sevgisi, torpağa bağlılıq və yenidən Vətən uğrunda döyüşlərə qatılmaq istəyi var idi. Vətən müharibəsinin ilk günlərində 23 yaşında, 1 aylıq nişanlı olan Əli Vətənin ona ehtiyacı olan ilk anda heç düşünmədən Azərbaycanın ərazi bütövlüyü uğrunda ağır döyüşlərə qatılır. Hər zaman yüksək əhval ruhiyyəsi, qələbə əzmi, iradəsi, cəsurluğu və fədakarlığı ilə döyüş yoldaşlarının böyük hörmətini və məhəbbətini qazanır, Füzuli, Cəbrayıl, Xocavənd uğrundakı ağır döyüşlərdə igidlik, şücaət nümayiş etdirir.

Tağıyevlər nəslinin sevimlisi olan Əli Xocavənd rayonu, Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda” medalları ilə təltif olunur.

Şərəfli həyat və döyüş yolu ilə uca məqama yüksələn Əli təkcə Tağıyevlər nəslinin yox, hamımızın qəhrəmanı, fəxri və qürurudur. Ruhun şad olsun, qəhrəman Əli övladımız! Vətənimiz sənin kimi mərd oğulları ilə hər zaman fəxr edəcək və xalqımız sənin qəhrəmanlığını, şücaətini əbədi yaşadacaq.

Şəmsəddin Hacıyev

Professor