Vəzifəsindən sui-istifadə edən heç kim cəzasız qalmır - Deputat

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və bu məsələdə hər kəs qanun qarşısında bərabərdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev hər zaman ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin prioritet olduğunu və bu istiqamətdə görülən işləri diqqətə çatdırır və korrupsiya cinayətinə yol verən heç kimin cəzasız qalmayacağını vurğulayır.

A.Həsənova bildirib ki, Azərbaycanın müstəqillik illərində korrupsiyaya qarşı mübarizə sahəsində həm qanunvericilik, həm də müvafiq dövlət strukturlarının yaradılması, kadr potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.

Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə müstəqil Azərbaycan dövlətinin prezidenti seçildikdən sonra həyata keçirilən islahatların mühüm tərkib hissələrindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlarına uyğunlaşdırılması olmuşdur:

“Möhtərəm Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilərək daha geniş vüsət alıb. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan korrupsiyaya qarşı mübarizə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda beynəlxalq təcrübə nəzərə alınaraq korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, mühüm kadr islahatları və institusional tədbirlər həyata keçirilib”.

A.Həsənova qeyd edib ki, bütün bu tədbirlər ölkədə korrupsiya və rüşvətxorluğun, vəzifədən sui istifadənin səviyyəsini xeyli dərəcədə aşağı salıb: “Lakin təəssüflər olsun ki, bütün bu tədbirlərə rəğmən yenə də kimlərsə iradəsizlik nümayiş etdirərək korrupsiya və rüşvəxtoqluğa, vəzifədən sui istifadə hallarına yol verir. Ancaq həmin insanlar gec-tez öz cəzalarını alırlar.

Elə son dövrlər Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində bir neçə keçmiş vəzifə sahiblərinin korrupsiya və rüşvəxtorluq, vəzifədən sui istifadə hallarına görə cinayət məsuliyyətinə cəlb edilməsi də korrupsiyaya qarşı mübarizənin nə qədər ciddi olmasını göstərməklə yanaşı, heç kimin korrupsiya cinayətindən yayına bilməyəcəyini sübut edir”.