Vurğun Əyyubun "Ədəbi həyat"ı - Həyat Hacıyeva yazır

Hər bir insanın həyatdakı yeri, tutduğu mövqe fərqlidir. Seçimlərimiz, düşüncələrimiz bizdən sonra da əbədi olaraq yaşayır. Ədəbiyyat da əbədiyaşar xüsusiyyətə malikdir, çünki bu sənət insanın duyğu və hisslərini özündə ehtiva edir. Buna görə nə qədər insan var, bir o qədər ədəbi düşüncə olacaq. Haqqında bəhs edəcəyimiz "Ədəbi həyat" kitabı ədəbiyyatşünas, tənqidçi Vurğun Əyyubun ədəbi axtarışlarını əhatə etməklə, ölümündən sonra ona əbədiyaşarlıq gətirir. Bu onun ədəbiyyata aid ikinci, vəfatından sonra isə dərc edilən ilk kitabıdır. 

Vurğun Əyyub daha çox siyasətçi kimi tanınır, lakin bu məqalədə onun ictimaiyyət tərəfindən tam olaraq bilinməyən ədəbiyyatşünas kimliyinə işıq tutmaq istəyirik. Buna görə "Ədəbi həyat"a keçməzdən əvvəl araşdırmaçının ədəbiyyata olan bağlılığını müəyyən etmək üçün həyatındakı bəzi nüansları xatırlatmaq yerinə düşər. Vurğun Əliş oğlu Əyyub 1957-ci il 25 oktyabr tarixində Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1977-ci ildə ADPU-nun filologiya fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. 1988-ci ildən isə filologiya üzrə fəlsəfə doktoru olub. Ədəbiyyatşünas “Azərbaycan romantizmini araşdırarkən” monoqrafiyasının, 150-dən çox elmi, siyasi-publisistik məqalənin müəllifidir. Bu faktlardan da görünür ki, o, ədəbi prosesdə uzun illərdir var və bu, gözardı edilməməlidir. 

Təəssüflə qeyd etməliyik ki, onun ədəbi yaradıcılığına adi kitabları sayca çox deyil. Əli Şamil və Bədirxan Əhmədlinin kitaba yazdıqları “Ön Söz”ə nəzər yetirdikdə bu məsələ ilə bağlı müxtəlif fikirlər diqqət çəkir. Belə ki, Vurğun Əyyubun araşdırmalarına qarşı hədsiz məsuliyyətli yanaşmağı, bunun nəzdində keyfiyyətli iş çıxarmaq üçün gözləməyi və aktiv siyasi fəaliyyətə daha çox zaman ayırmağı əsas səbəblər olaraq göstərilmişdir. Lakin illərin əməyi itə bilməzdi. "Ədəbi həyat”ın yaranışı da bununla bağlıdır. Kitabda “Şeir təhlilləri”, “Hekayə təhlilləri”, “Araşdırma”, “Ədəbi proses və tənqid”, “Resenziyalar” adlı bölmələrdə V.Əyyubun Azərbaycan ədəbiyyatşünaslığının inkişafı üçün apardığı çoxillik fəaliyyət özünü göstərir. "Müəllifdən" başlığına isə əlavələr edilməyərək olduğu kimi verilir. Burada o, bədii mətni düzgün təhlil etmək üçün dörd əsas ünsürü - məzmun, forma, dil və üslub haqqında kifayət qədər bilgili olmağın vacibliyi kimi vurğulayır. Ancaq o zaman tənqidçi düzgün təhlillər etməyi bacara bilər.

"Şeir təhlilləri" və "Hekayə təhlilləri" bölmələri isə forma və məzmun cəhətdən Azərbaycan ədəbiyyatı üçün yenilik olaraq qəbul edilə bilər. "Şeir təhlilləri"ndə Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Səməd Mənsur və Məmməd Arazın lirikasından nümunələr gətirərək təhlilə fərqli mövqedən baxır. Burada Vurğun Əyyub tərəfindən romantik, satirik və müasir şeir janrlarına müraciət edilir, hər bir şeir məzmun və formaya uyğun araşdırılır və müqayisələrlə zənginləşdirilir.  "Hekayə təhlilləri" bölməsində isə Nəriman Əbdülrəhmanlının "Qapı", Şərif Ağayarın "Şəkil", Fəxri Uğurlunun "Məryəmin anası", Elnar Eyvazın "Qadın" əsərlərinə yer verilmişdir. Bu bölmədə ədəbiyyatşünas tərəfindən seçilmiş hekayələrdən də görünür ki, o, çağdaş ədəbi prosesə biganə qalmır. 

"Araşdırma" bölməsində "Füzuli şeirinin elmiliyi", "Füzulinin məcnunluğu" məqalələri verilir. Vurğun Əyyub klassik dövr araşdırmaçısı olmasa belə bir çox problemlərə toxunur və söz demək ehtiyacını hiss edir. 

"Ədəbi proses və tənqid" bölməsi fikrimizcə tənqidi yanaşmanın diqqətlə aparıldığı məqalələrdən ibarətdir. Burada Vurğun Əyyubun "Poeziyamızın Məmməd Araz yükü", "Musa Yaqub… və başqaları", "Vaqif Səmədoğlu tənhalıq heykəli", "Məmməd İsmayıl - Yoxluqdan Varlığa səfər" adlı məqalələrində bədii sözün gücünü əks etdirən şairlərimizin yaradıcılıq qayələrinə tənqidçi gözü ilə yanaşdığını duyuruq. "Postmodernizm və "Unutmağa kimsə yox" dilemması"nda isə postmodernizmin xaotik xüsusiyyətlərinin Kamal Abdulla yaradıcılığındakı yeri müəyyən edilir. Vurğun Əyyub bu bölmədə, həmçinin tənqidçi İradə Musayevanın ədəbiyyatşünaslıq fəaliyyətindən söz açmışdır.
"Resenziyalar" bölməsində isə ədəbiyyatşünasın "XX əsr Azərbaycan ədəbiyyatına yeni bir baxış"ında klassik ədəbi irsin araşdırılmasının və bu yöndə dərsliklərin hazırlanmasının önəmini vurğulayır və prof. Bədirxan Əhmədlinin "XX əsr Azərbaycan ədəbiyyatı"nı bu barədə uğurlu hesab edir. 

Kitabı oxuduğumuz zaman aparılan təhlillərdən diqqətimizi çəkən bəzi hissələri paylaşmaq istəyirik. Məsələn, ədəbiyyatşünasın M.Ə.Sabirin "Neylərdin, ilahi?" şeirinin üslubu haqqında düşüncəsi maraqlıdır. O, əsərin tam olaraq satirik şeirin strukturlarına uyğun gəlmədiyini açıqlayır və bunu müqayisəli şəkildə təsdiqləyir. M.Ə.Sabirin digər bir şeiri olan "Xudaya!"da da tanrıya müraciət olduğunu bildirir, lakin qeyd edir ki, "İlahi" şeirindən fərqli olaraq burada kəskin ironiya ilə qarşılaşırıq. Bu səbəbdən Vurğun Əyyub şeiri lirik-faciəvi əsər olaraq adlandırmağın yanlış olmadığını bildirir. Kitabın "Araşdırma" bölməsində “Mirzə Ələkbər Sabirin romantikası” adlı məqaləsində şairin romantik ruhlu şeirlərindən daha geniş söz açılır.

Diqqətçəkən daha bir məqam isə Vurğun Əyyubun orta məktəb şagirdinin etirafına yer verməyi olmuşdur. Onun düşüncəsinə görə ədəbi əsərdə dialoqların çoxluğunu və yerində işlədilməsi yaşından asılı olmayaraq hər bir oxucunun marağına səbəb olur. Bu hissəni “Fəxri Uğurlunun ədəbi və bədii dünyası” məqaləsində dialoqların bədii mətndə mühüm yerini göstərmək üçün vermişdir. Ədəbiyyatşünasın fikrincə, bədii əsər həvəskarı olan bir məktəblinin etirafı yazıçılar üçün ciddi siqnal mahiyyəti daşımalıdır.

"Ədəbi həyat" haqqında daha çox yazmaq, üzərində daha geniş araşdırma aparmaq olar, çünki kitabda toplanmış Vurğun Əyyub düşüncələri bunu ehtiva edir. Elmi-nəzəri qənaətləri özündə cəmləşdirən bu kitab aparılan tədqiqat işlərində, ali məktəblərin filologiya, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr üçün dərs vəsaiti kimi əhəmiyyətli bir əsərdir. Bu kitabdan gəldiyimiz qənaət belədir:

1.    Artıq 4 ildir aramızda olmayan Vurğun Əyyubun "Ədəbi həyat"ına nəzər yetirərkən onun elmi mühitdəki varlığı bir daha təsdiqlənir. 
2.    25 oktyabr - bu gün Vurğun Əyyubun doğum günüdür. Araşdırmalarının  sadəcə bir qismini əhatə edən "Ədəbi həyat"ı təhlil etməklə nə üçün ədəbiyyatşünaslıqda əbədiyaşarlıq qazandığını anlamaq mümkündür.

Bundan sonra da onun ədəbiyyatşünaslıq adına etdikləri gün üzünə çıxarılmalı, tədqiqat işinə cəlb olunmalı, yeni-yeni kitabları nəşr edilməlidir. Vurğun Əyyubun zəngin tənqidçilik və elmi yaradıcılığı bunu deməyə əsas verir.