Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

Prezident İlham Əliyev: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”

Azərbaycan və Vyetnam arasında əlaqələr, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf etməkdədir. İki ölkə arasında strateji tərəfdaşlıq gücləndirilir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Tô Lâmın 7 may 2025-ci ildə Azərbaycana səfəri, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Azərbaycana səfəri zamanı bu haqda mətbuata bəyanat verib: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Bu görüşlər iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədini daşıyır. To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşərək, ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Prezident İlham Əliyev bəyanatında bildirib ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var: “Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır.

Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”. Göründüyü kimi, Azərbaycan və Vyetnam arasında bir sıra sahələr üzrə əməkdaşlıq üçün geniş və perspektivli imkanlar mövcuddur. Bu potensialın reallaşdırılması həm iki ölkənin qarşılıqlı maraqlarına, həm də regional və qlobal əməkdaşlıq platformalarında daha güclü təmsil olunmalarına xidmət edə bilər.

Azərbaycan və Vyetnam müxtəlif istehsal sahələrində – kənd təsərrüfatı, tekstil, elektronika, kimya sənayesi və digər sahələrdə ticarət əlaqələrini inkişaf etdirə bilərlər. Xəzər regionu və Cənub-Şərqi Asiyanın strateji bazarlarına çıxış imkanları qarşılıqlı sərmayə cəlbinə şərait yaradır. Azərbaycanın zəngin enerji ehtiyatları və Vyetnamın texnoloji inkişafı energetika sahəsində birgə layihələr üçün zəmin yaradır. Xüsusilə bərpaolunan enerji sahəsində təcrübə mübadiləsi və investisiyalar mümkündür. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərindən Vyetnamın Avrasiya bazarlarına çıxışı, Azərbaycanın isə Cənub-Şərqi Asiyaya yük axınını artırması baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafı məsələləri də müzakirə olunub. Bu, partiyalararası əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

To Lamın səfəri, bu əlaqələrin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq sahələrinin açılması məqsədini güdür. Səfər çərçivəsində mədəniyyət sahəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Bu, xalqlar arasında qarşılıqlı anlayışın və dostluğun möhkəmlənməsinə xidmət edəcəkdir. İqtisadi əməkdaşlığın genişləndirilməsi də prioritetdir. İki ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın artırılması, qarşılıqlı faydalı iqtisadi əlaqələrin qurulması məqsədini güdür.

Təhsil və elm sahəsində əməkdaşlığın artırılması müzakirə olunub. Təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi, gənclər arasında mübadilənin təşviqi və birgə elmi tədqiqatların aparılması məqsədini daşıyır. Ümumiyyətlə, To Lamın Azərbaycana səfəri, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq sahələrinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.

image-cc55f90b-7df0-4372-aee0-f2b799b3630a

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent