"Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu əvəzsizdir. COP29 Azərbaycan üçün böyük sınaq idi. Ölkəmiz həmin sınaqdan çox böyük nailiyyətlər əldə edərək çıxdı. Azərbaycan mediası COP29 ərəfəsində elə bir zəngin təcrübə əldə etdi ki, buna istinad edərək bütün beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsində mətbuatımızın mühüm rol oynayacağını əminliklə deyə bilərik".
Sabahinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya komandası tərəfindən media nümayəndələri üçün keçirilən ilk təlim sessiyasında səsləndirib.
Azərbaycan mediasının növbəti xoşniyyətli sınaq ərəfəsində olduğunu qeyd edən Natiq Məmmədli fikirlərinə belə davam edib:
"Burada əsas məqam iki missiyanın peşəkar yerinə yetirilməsidir. Bunlardan birincisi, doğru-düzgün, balanslı, jurnalistika standartlarına uyğun xəbərlərin kontentinin hazırlanmasıdır. Bu, yalnız Azərbaycanın daxili auditoriyası üçün deyil, beynəlxalq auditoriya üçün də vacib və gərəkli amildir. Materialları hazırlayarkən jurnalistikanın peşəkar standartlarına istinad etməliyik. Ola bilər, həmin standartlar hansı maraqlarla üst-üstə düşməsin. Lakin biz jurnalistikanın peşəkarlıq prinsiplərini güzəştə getsək, bu, artıq medianın nüfuzunu zədələyəcək, ona inamı azaldacaq. Mediaya inamın olması çox vacibdir. Bu baxımdan peşə standartlarına uyğun materiallar təqdim edilməsi önəmlidir. Söhbət xəbər və rəy bölümlərinin bir-birindən fərqləndirilməsindən gedir. İstənilən şəxs materialla tanış olduqda bilməlidir ki, fakt haradadır, onun sərhədləri şərh nə zamandan başlayır. Buna şəhərsalma mövzusunda hazırlanan materiallarda da diqqət yetirilsin. Digər lazımi məqam isə tədbirlərin jurnalistlərin peşəkar səviyyədə işıqlandırması ilə bağlıdır ki, bu da ekspertlərdən asılıdır. Biz istərdik, cəmiyyətimiz bilsin ki, şəhərsalma fenomeni ilə bağlı danışmaq yalnız medianın intellektual səviyyəsindən asılı deyil. Bu, bizim birgə kommunikativ fəallığımızdan asılı olacaq".
Natiq Məmmədli onu da bildirib ki, dezinformasiya hücumlarına, Azərbaycanın informasiya mühitinin çirkləndirilməsi cəhdlərinin artmasına hazır olmalıyıq. "Biz iki təhlükəyə hazır olmalıyıq. Bu, Azərbaycanın mütəmadi olaraq dezinformasiya hədəfinə çevrilməsidir. Sistemli şəkildə ölkəmizin informasiya mühitini çirkləndirmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Etik prinsiplərə demək olar ki, əməl edilmir. Mediadan və sosial şəbəkələrdən informasiya mühitinin çirkləndirilməsi vasitəsi kimi istifadə edilməsi insanlarda ikrah hissi yaradır. Bu vaxtadək keçirilən bütün beynəlxalq tədbirlərdə Azərbaycan haqsız formada dezinformasiya hücumlarına məruz qalıb. Bütün bunlara qarşı Azərbaycan mediası həmrəyliyini göstərib, peşəkar funksiyasını yerinə yetirərək cavab verib. Çox güman ki, şəhərsalma kimi qlobal məsələnin Azərbaycanda müzakirə olunması ölkəmizə marağı artıracaq. Həmin maraq heç də hər zaman müsbət kontekstdə olmur. Biz dezinformasiya təhdidlərinə cavab vermək üçün peşəkar sayıqlımığızı artırmalıyıq. Digər tərəfdən informasiya vakuumunun yaranmasının qarşısını almalıyıq. Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı nə informasiya lazımdırsa, onu Azərbaycan mediası peşəkar səviyyədə təqdim etməlidir. Əgər informasiya vakuumu yaranarsa, onun yerini ilk növbədə dezinformasiya və qeyri peşəkar yanaşmalar tutacaq", - deyə icraçı direktorun müavini vurğulayıb.