Xalq-dövlət birliyi, Zəfər səlnaməsi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atdı. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.

Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Qeyd etmək lazımdır ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycanda xalq-dövlət birliyi mövcuddur.Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi “bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova öz torpağımızda dayandıq. Düşmən diz çökdü”.

Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı.

Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!

Qarabağ bizimdir, Qarabağ Azərbaycadır!

 

Əminə Ağazadə

Milli Məclisin deputatı