Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü və dayanıqlıdır. 80-ci illərin sonu - 90-cı illərin əvvələrindəki ağır sınaqlarından – separatizm, səriştəsiz idarəçilik və vətəndaş qarşıdurmalarından – ölkəmizi məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti xilas etdi və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu xətt Prezident İlham Əliyev tərəfindən müdrikliklə və ardıcıllıqla davam etdirilir.
Lakin uzun illər radikal qruplar, o cümlədən AXCP və bu qüvvələrə himayədarlıq edən şəxslər ölkəmizdə sabitliyi pozmağa, xalq–iqtidar birliyinə xələl gətirməyə cəhd göstəriblər. Ramiz Mehdiyev kimi yüksək vəzifələr tutmuş şəxslərin radikal müxalifətlə gizli əməkdaşlığı, destruktiv planları və ölkənin milli maraqlarına zidd fəaliyyətləri bu gün ifşa edilərək, qarşısı alınıb.
Bu kimi cəhdlər ölkənin konstitusion quruluşuna, dövlətimizin gücünə kölgə sala bilməz. Çünki xalq ölkə rəhbərinə inanır və dəstəkləyir. Dövlətimizin və sabitliyimizin keşiyində duran dövlət orqanları milli maraqlara qarşı yönəlmiş istənilən fəaliyyəti vaxtında aşkarlayıb, qanun çərçivəsində zərərsizləşdirmək iqtidarındadır.
Regiondakı mürəkkəb proseslər fonunda radikal və xarici təsirlərə məruz qalmağa meyilli qrupların fəaliyyətinə qarşı ayıqlıq xüsusi əhəmiyyət kəsb edir. Coğrafi mövqeyimiz həm üstünlük, həm də əlavə çağırışlar yaradır. Unutmayaq ki, bizim qonşuluğumuzda İsveçrə, Avstriya və ya bu qəbildən olan dövlətlər yerləşmir. Deməli milli təhlükəsizliklə bağlı zaman-zaman sınaqlara çəkilməli olacayıq. Şükürlər olsun ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində bütün xarici təsirlər neytrallaşdırılıb. Dövlətin hazırda mövqeyi birmənalıdır: Azərbaycanın təhlükəsizliyi, sabitliyi və xalqın rifahı hər şeydən üstündür.
Bu səbəbdən ölkəmizin maraqlarına zidd hərəkət edən hər kəs bilməlidir:
Azərbaycan güclü dövlətdir, xalq–iqtidar birliyi sarsılmazdır və xəyanət heç vaxt cəzasız qalmayacaq.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı