Xalq öz Liderinə güvəndi, Lider xalqının etimadını Zəfər Qələbəsi ilə doğrultdu

Azərbaycan xalqı artıq bir ildir sözlə ifadə edilməsi mümkün olmayan yüksək fəxarət duyğuları, qürur hissləri yaşayır. Xalq olaraq bu qürurlu günləri bizə bəxş edən Zəfər Qələbəsinin ildönümünə hazırlaşırıq. Bu zəfərlə Ermənistanın ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, dövlət-xalq birliyinə səbəb oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək böyük xalq olduğunu bir daha sübut etdi, həmrəylik nümayiş etdirdi və Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı, Lider xalqının etimadını Zəfər Qələbəsi ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi ilə Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərdi və son dərəcə mürəkkəb m üharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün vətəndaşlarımızın qisasını aldı.

Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının yumruq kimi bir olması ilə tarixə yazıldı.

“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçımızın ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı.

1 il az müddət olsa da, bu müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərini təqdirəlayiq hesab etmək olar. İşğaldan azad edilmiş bütün ərazilərdə infrastruktur bərpa olunur, artıq Füzuli Beynəlxalq Aeroportu təyyarələr qəbul edir, yeni salınmış Zəfər yolu ilə azad olunmuş ərazilərimizə rahat gediş-gəliş bərpa olunur.

İşğaldan azad olunmuş ərazilərimizin cənnət-məkana çevriləcəyi vaxta çox qalmayıb. Biz bu torpaqlarda əbədi yaşayacağıq, dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Zəngilanda inşa olunan Ağıllı Kəndlər tezliklə torpaq həsrəti ilə illərdir gözləyən zəngilanlılara təhvil veriləcək.

Azərbaycan dövləti Zəfər Qələbəsi ilə iqtisadi və hərbi qüdrətini bir daha sübut etdi. Zəfər Qələbəsi və Füzuli Beynəlxalq Aeroportunun istifadəyə verilməsi Türkiyə-Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərini bir daha regionda maraqlı olan dövlətlərə göstərdi. Bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Sevindirici haldır ki, tarixi dostluq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Cənab Prezidentin dediyi kimi, Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir.

XXI əsr türk dünyası əsri olacaq.
Bütün Azərbaycan xalqını qürur günü - 8 noyabr Zəfər Günü münasitilə təbrik edirəm.

Qalib ölkənin qürurlu hər bir vətəndaşı bu təbriki haqq edir.