Xalqa xidmət nümunəsi

Tənəzzüldən inkişafa keçid müəyyən zaman və əmək tələb edir. Bunu təmin edəcək siyasi lider xalqın sevincini qazanır, qazanılan sevgi və rəğbət xalq-iqtidar birliyini formalaşdırır. Bu gün biz Azərbaycanda xalq-iqtidar birliyi nəticəsində əldə edələn uğurların təntənəsini yaşayırıq. Bu təntənənin bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən ölkəmiz bütün sahələrdə durmadan inkişaf edib, iqtisadi, sosial, beynəlxalq uğurlar əldə edilib. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin əldə olunan uğurların daha da inkişaf etdirilməsi yönündə həyata keçirdiyi siyasət nəticəsində nəinki paytaxt Bakı eyni zamanda regionların da rentabelli inkişafı təmin olunub. Bu istiqamətdə qəbul olunan dövlət proqramları nəticəsində regionların siması dəyişib, yeni iş yerləri yaradılıb, ən əsası yol infrastrukturu, elektrik enerjisi, mavi yanacaq, su problemləri demək olar tam həllini tapıb.

Ümumilikdə qəbul olunan dövlət proqramlarının mahiyyətini incələdikdə burada bir məqsədin olduğu açıq-aşkar görünür. Bu məqsəd xalqa xidmət, vətəndaş problemlərinin həllidir. Cənab Prezident çıxışlarında qeyd edib ki, “Mən hər bir azərbaycanlının, hər bir vətəndaşın prezidentiyəm”. Bu gün aparılan sosioloji sorğular da bunu deməyə əsas verir ki. Cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasət nəticəsində vətəndaş məmnuniyyəti artıb. Azərbaycan xalqı Prezidentinə güvənir və onun siyasətini dəstəkləyir. Biz bunu 44 Günlük Vətən Müharibəsində gördük. Biz bunu Dövlət Büdcəsinin gəlirlərinin artmasında yaşayırıq. Vətəndaşların əmək haqqları durmadan artırılır, pensiya və müavinətlərin məbləğində əhəmiyyətli artımlar var və bu proses durmadan davam edir.

Müasir dövrün iqtisadiyyatı fərqli ampulada inkişaf edir. Bu yöndə uzaqgörən siyasət uğura aparır. Cənab Prezident tərəfindən həyata keçirilmiş şaxələndirilmiş iqtisadiyyat ölkəmizin bu yöndə inkişafına mühüm töhfə verdi. Qara qızıl kapitalının insan kapitalı ilə əvəzlənməsi, geosiyasi vəziyyətə uyğun olaraq Avropanın mavi yanacaqla təmini istiqamətində atılan uğurlu addımlar, nəqliyyat infrastrukturunun genişləndirilməsi və böyük İpək Yolu imkanlarından səmərəli istifadə nəticədə Azərbaycanın iqtisadi qüdrətinin artmasına gətirib çıxardı ki, bunun fonunda bu gün işğaldan azad olunan ərazilərimizdə heç bir xarici donorun iştirakı olmadan mühüm infrastruktur işləri həyata keçirilir.

Sahibkarlıq mühitinin inkişafı həyata keçirilən siyasətin əsas prioritet sahələrindən biridir. Sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində güzəştli kreditlərin verilməsi, yoxlamaların sayının azaldılması, bazar münasibətlərinin normalaşdırılması bu sahənin əhəmiyyətli inkişafını təmin edib. Dövlət başçısı İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha diqqəti qəbul olunmuş Dövlət proqramlarının nəticələrinə yönəldərək bildirmişdir ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və insanları narahat edən məsələlər öz həllini tapır. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılmasının daimi proses olduğu hər zaman belə əsaslandırılır ki, ölkə əhalisinin sayı artır.

Bunların fonunda onu qeyd etmək olar ki, növbəti illər ərzində həyata keçirilən Dövlət Proqramları nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşacaq və regionlarda yeni imkanlar yaranacaq ki, bütün bunlar xalqa xidmətin göstəricisidir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı