Humanistliyi həyat amalına çevirən, xalqı üçün çalışan şəxsiyyətlərin ideyaları, xoş məramları və əməlləri hər zaman nümunə olur. Məhz xeyirxahlığı, nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva nəsillər üçün əsl nümunədir və tariximizin şanlı salnaməsində öz dəst-xəti ilə seçilən şəxsiyyətlərdəndir.
Özünün xeyriyyəçilik fəaliyyəti ilə sosial bir təməl yaratmaqla yanaşı, gələcək nəsillərə də nəcib bir yolun əsas istiqamətlərini göstərən ölkəmizin birinci xanımı Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarından güc alaraq, cənab İlham Əliyevin düşünülmüş siyasətinə arxalanaraq reallaşdırdığı genişmiqyaslı layihələrlə hamının hörmətini, məhəbbətini qazanmışdır. Onun çoxşaxəli fəaliyyəti həyatımızın bütün sahələrinə dərindən nüfuz etmişdir və Mehriban xanımın yüksək bacarığı, diqqəti, qayğısı, ölkəmizin ictimai-siyasi, eləcə də mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır.
Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti onun nəcib əməllərindən xəbər verir. Əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu artıq 20 ildir ki, öz prinsiplərinə sadiq qalır. Məhz həmin ali dəyərləri rəhbər tutaraq Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Həmin layihələr cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Çünki Azərbaycan cəmiyyəti sözügedən layihələrin inkişafa xidmət edən uğurlu layihələr olduğuna əmindir, xüsusən də Birinci vitse-prezidentin humanizminə, xeyirxahlığına, vətəninə, dövlətinə, xalqına nümunəvi xidmətinə güvənir.
Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev fondunun Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirdiyinə hər kəs əmindir. Bu əminlik heç də təsadüfi deyil, çünki görülən işlər, fondun bütün istiqamətlərdə qazandığı uğurlar göz önündədir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək göstərməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür.
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ələlxüsus ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktına diqqət çəkməsi istiqamətində Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti danılmazdır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan konfransların, tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillərin, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materialların, "Qarabağ həqiqətləri" adlı bukletlərin, eləcə də "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabının təqdim olunması milli maraqlarımıza xidmət edir ki, bu da məhz Mehriban xanım Əliyevanın rəhbərliyi, əməyi, Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində reallaşdırılır.
Xalqımıza məxsus olan mədəni irsin dünyada təbliğ edilməsində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakında və rolunun artmasında da Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Dünyanın mötəbər qurumlarının tribunasından Azərbaycanın üzləşdiyi çətinlikləri, işğal faktını və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, tarixi abidələrinə dəyən zərərlər barədə məsələləri Mehriban xanım Əliyeva dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Təsadüfi deyil ki, həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan, dövlət xadimi kimi qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifi olan Mehriban xanım hamı üçün bir nümunə sayılır və bu statusda müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi qəbul edilir. Bu isə xalqımız üçün sevindirici və qürurvericidir. Buna görə Azərbaycan cəmiyyətinin layiqli dövlət xadimi ilə qürur duymağa haqqı var.
Xalqımız Mehriban xanım Əliyevanın öz missiyasına, amalına sadiqliyinə pandemiya ilə mübarizə dövründə bir daha əmin oldu. Xalqa müraciət edərək hər kəsi "gözəgörünməz düşmən"lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağıran ölkənin birinci xanımının humanist fəaliyyəti bu ağır dövrdə bir daha özünü göstərdi. Birinci vitse-prezidentin "Evdə qal, sağlam qal!" şüarı ilə irəli sürdüyü təşəbbüs həqiqətən də cəmiyyətdə böyük dəstək qazandı. Ölkədə elan edilən karantin müddətində məhz Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük!" şüarı ilə xeyriyyə aksiyaları keçirməsi xüsusi rəğbətlə qarşılandı. Məhz bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması fondun xeyirxahlıq missiyasını bir daha nümayiş etdirdi.
Azərbaycanın milli-mənəvi dəyərlərinin xalqımız üçün qiymətli olduğu danılmazdır və dünyaya inteqrasiya prosesinin sürətləndiyi bir dövrdə dəyərlərimizin təbliğinin, dünyaya çatdırılmasının əhəmiyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu təsəvvür etmək çətin deyil. Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan mədəniyyətinin geniş təbliği, eləcə də sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əvəzsizdir. Çünki ölkəmizin imicinin yüksəldilməsində, onun dünyaya təqdim olunmasında görülən işlərin məhz dövlətin maraqlarını ifadə etdiyi hər kəsə bəllidir.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmır. Mehriban xanım Əliyevanın fəaliyyəti ümumbəşəri mahiyyəti ilə hər zaman diqqəti cəlb edir. Birinci vitse-prezidentin Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda hər zaman təqdir edilir. Xüsusən də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini təşkil etməsi cəmiyyətimizdə yüksək qiymətləndirilir.
Valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qazilərin, qaçqın və məcburi köçkünlərin dayağı olan Mehriban xanıma xalqımızın böyük sevgisi başadüşüləndir. Harada yardıma, köməyə, dəstəyə möhtac biri varsa, onun məhz Mehriban xanımın pənahında olduğunu hər bir azərbaycanlı çox yaxşı bilir. Xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edən birinci xanım həqiqətən də böyük hörmətə, ehtirama, sevilməyə layiqdir. Özündə humanistliyi, xeyirxahlığı, mərhəməti cəmləşdirən Azərbaycanın birinci xanımının bütün insani keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhəti isə, əlbəttə ki, onun məhz müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
Özünəxas yüksək işgüzar və mənəvi keyfiyyətlərlə, mükəmməl təşkilatçılıqla və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyan Mehriban Əliyevanın xidmətləri sadalandıqca bitən deyil. Xalqımız, dövlətimiz, bütövlükdə Azərbaycanımız üçün onun nə qədər fədakarlıqla çalışdığını hər kəs görür. Birinci xanım ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.
Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm bir addım atılması, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə, ölkədə Birinci vitse-prezidentlik institutu yaradılması heç də cəmiyyətimizin diqqətindən yayına bilməzdi. 2017-ci il 21 fevral tarixdə dövlət başçısının imzaladığı sərəncama əsasən, Mehriban Əliyevanın məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması cəmiyyətimiz tərəfindən coşqu və böyük sevinclə qarşılandı. Çünki hər kəs çox yaxşı başa düşürdü ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mühüm dövlət vəzifəsinə ölkəmizin ictimai-siyasi, mədəni həyatında uzun müddət oynadığı vacib, əvəzolunmaz və fəal rolu sayəsində yüksəlib.
Azərbaycanın birinci xanımının sözügedən təsisata illərdir uğurla rəhbərlik etməsi göz önündədir. Bu institut Azərbaycanın çağdaş, demokratik simasının yeni və mütərəqqi əlaməti kimi xarakterizə edilə bilər. Hətta yarandığı gündən etibarən funksional siyasi təsisat kimi uğurlu fəaliyyət göstərdiyini də müşahidə edirik. Ötən müddət ərzində Birinci vitse-prezidentlik institutunun idarəetmənin səmərəlilik və çevikliyini artırdığı danılmazdır. Əlbəttə ki, burada Birinci vitse-prezidentin yüksək şəxsi keyfiyyətləri, peşəkar idarəetmə bacarığı, işinə dürüst, məsuliyyətli yanaşması, qarşısına qoyduğu məqsədlər üçün əzmlə çalışması, ölkənin, xalqın maraqlarını hər şeydən üstün tutması başlıca rol oynayır. Mehriban Əliyevanın ictimai rəydə formalaşmış mükəmməl obrazının əsas cizgisi mərhəmətlilikdir ki, bu da Birinci vitse-prezident vəzifəsinə başladığı ilk günlərdən özünü büruzə verməkdədir. Məhz ilk müşavirəsini keçmiş məcburi köçkün soydaşlarımızın problemlərinə həsr edən, onları daha yaxından dinləyən, qayğılarının yüngülləşdirilməsi, firavan həyat şəraitinin təmin edilməsi üçün gərəkli tapşırıqlar verən birinci xanıma xalqının sevgisi bu humanistliyinə, insanpərvərliyinə, xeyirxahlığına, mərhəmətinə görə bitməz və tükənməzdir.
Əhalinin sağlamlığının qorunması, sosial baxımdan həssas əhali qruplarının problemlərinin həllində tədbirlər görülməsi istiqamətində fəaliyyətin prioritet olaraq qəbul olunması da təqdirəlayiq haldır. Heç şübhəsiz ki, insanların səhhətinin, sağlamlığının qorunması, qayğısına qalınması böyük bir humanizm, insanpərvərlik, xeyirxahlıq nümunəsi olaraq qəbul edilir. Bütün bunlarla yanaşı, bütövlükdə Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələrin reallaşmasının nəzərdə tutulması özü də böyük bir addım hesab olunur. Azərbaycan muğam sənətinin inkişafında və təbliğində, istedadlı gənclərin tanıdılmasında və mükafatlandırılmasında, mədəniyyətlə bağlı tədbirlərin genişləndirilməsində Mehriban xanımın xidmətləri əvəzsizdir.
Mehriban xanım Birinci vitse-prezident olaraq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyi zaman ölkədə idman hərəkatının davamlılığının təmin edilməsini, ekoloji problemlərin həllinə dəstək göstərilməsini, işğaldan azad olunmuş ərazilərin bərpasında humanitar missiyanın həyata keçirilməsi istiqamətlərini prioritet olaraq qəbul etməklə bir daha sübut etdi ki, xalqının da, Prezidentinin də etimadına layiqdir.
Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olaraq qazandığı böyük təcrübə Birinci vitse-prezidentlik institutunda ona öz sözünü mükəmməl şəkildə deməyə imkan verir. Belə ki, effektiv təşkilatçılıq, ən mühüm qərarların qəbul olunması və çeviklik Mehriban Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdəndir.
Mehriban xanımın müharibə günlərində yaralı əsgərlərimizlə görüşləri zamanı, işğaldan azad olunmuş ərazilərimizi gəzərkən, kimsəsizləri bağrına basarkən, atasız-anasız uşaqları bir ana nəvazişi ilə əzizləyərkən necə kövrəldiyinin, hansı hisslər keçirdiyinin şahidiyik. O, idmançılarımız beynəlxalq yarışlarda Azərbaycan bayrağını zirvələrə qaldıranda da, qələbəmiz, uğurlarımız dilə gətiriləndə də, yeni bir şəhərin, kəndin, məktəbin, xəstəxananın, idman kompleksinin təməli qoyulanda da sevincdən təsirlənir. Bu qəlbdən gələn hissdir, insana, qələbələrə dəstəkdir. Mehriban xanım bütün bu hadisələrin, görüşlərin təşkilatçısı, fəal iştirakçısıdır. Azərbaycanın bugünkü inkişafında, uğurlarında bir dövlət xadimi, vətəndaş kimi onun xidmətləri əvəzsizdir.
Azərbaycançılıq məfkurəsini həyat amalına çevirən bu insanın tariximizlə, dilimizlə, dinimizlə bağlı olan arzuları, istəkləri, düşüncələri ulularımıza rəğbətindən qaynaqlanmaqla bərabər, gələcək nəsillər üçün bir vətəndaşlıq, torpağa, vətənə məhəbbət nümunəsidir. Mehriban xanım dünyaşöhrətli ictimai-siyasi xadim, sevimli ana, sədaqətli həyat yoldaşıdır. Qayğısını, diqqətini insanlara əsirgəməyən, minlərlə insana əl tutan, kömək edən humanist bir vətəndaşdır. O, sadəliyi, nəcibliyi, xeyirxahlığı ömrünün mənası hesab edir. Belə dəyərlərə, insani keyfiyyətlərə malik olan insan isə xoşbəxtdir. Ürəyi daim xalqı, torpağı, vətəni ilə döyünən, istəkləri, inamları torpaqlarımızın azadlığı, tam suverenliyi ilə qovuşan, dövlətimizin inkişafından, xalqımızın birliyindən qürur duyan və uğurlarımızda unudulmaz xidmətləri olan Mehriban xanım Əliyeva dövlət xadimi, ana, etibarlı həyat yoldaşı, mübariz qadın və sədaqətli vətəndaş kimi xoşbəxtlərin xoşbəxtidir. Belə ömür, belə gün, belə həyat unudulmazdır, hamı üçün əziz və əbədidir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri